İQTİSADİYYAT
Azərbaycanda nüvə tədqiqatlarının tətbiqi sahəsində Fransa şirkətləri ilə danışıqlar aparılır
Bakı, 6 iyul, Xatirə Cəfərova, AZƏRTAC
Azərbaycan və Fransa arasında kosmik sahədə bir sıra layihələr həyata keçirilir və artıq, bu istiqamətdə uğurlu nəticələrimiz var.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, hazırda Azərbaycanda nüvə tədqiqatlarının tətbiqi sahəsində Fransa şirkətləri ilə danışıqlar aparılır.
"Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlərə diqqət çəkən nazir bu istiqamətdə Fransa şirkətləri ilə əməkdaşlıq qurmağın faydalarından danışıb.
Qeyd olunub ki, Fransa şirkətləri öz növbələrində Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə kosmik sənayenin inkişafı, o cümlədən peykin optik müşahidəsi və nüvə araşdırmaları sahəsində əməkdaşlıq etməyə hazırdır.