CƏMİYYƏT
Azərbaycanda psixi sağlamlıq sahəsindəki xidmətlər təkmilləşdirilir
Bakı, 12 oktyabr, AZƏRTAC
Son illər ölkəmizdə psixi pozğunluğu olan şəxslərə yardımın təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən psixi sağlamlıq haqqında qanunvericiliyə psixi pozğunluğu olan şəxslərin hüquq və maraqlarının qorunmasına yönəldilmiş dəyişikliklər edilib. Həmçinin 2011-ci ildə psixi sağlamlıq sahəsində Milli Strategiya və Milli Fəaliyyət Planı qəbul edilib.
Bu sənədlərdə psixi sağlamlıq sahəsində yardımın təkmilləşdirilməsi üzrə konkret tədbirlər, əsas prinsip və məqsədlər əks olunub. Mühüm məsələlərdən biri isə ilkin səhiyyə səviyyəsində psixi sağlamlıq və sosial yardım xidmətinin inkişaf etdirilməsidir.
Son zamanlaradək Azərbaycanda psixi sağlamlıq problemləri olan şəxslərin əksəriyyətinə ixtisaslaşmış müəssisələrdə - psixiatrik xəstəxanalar və psixonevroloji dispanserlərdə yardım göstərilirdi. Psixi sağlamlıq sahəsindəki xidmətlərin Səhiyyə Nazirliyinin ilkin yardım sisteminə inteqrasiyası məqsədilə psixonevroloji dispanserlərin ləğv edilməsi və həkim-psixiatrların ilkin yardım müəssisələrinə köçürülməsi qərarı qəbul edilib. Bu qərar nəticəsində psixi sağlamlıq sahəsindəki xidmətlər əhalinin yaşayış yerinə yaxınlaşdırılıb. Eyni zamanda, həm psixi, həm də somatik problemi olan insanların müraciət etməsi əhəmiyyətli dərəcədə asanlaşdırılıb. Bundan əlavə, psixiatrik müəssisələrdə müalicə ilə əlaqədar olan stiqma xeyli azalıb.