MƏDƏNİYYƏT
“Azərbaycanda qonaq olarkən - mədəniyyət və mətbəx” kitabının Frankfurtda təqdimatı olub
Bakı, 22 oktyabr, AZƏRTAC
Frankfurtda keçirilən beynəlxalq kitab yarmarkası çərçivəsində Heydər Əliyev Fondu və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə alman fotoqraf Barbara Lutterbekin 2014-cü ildə Azərbaycana səfərinə həsr edilmiş “Azərbaycanda qonaq olarkən - mədəniyyət və mətbəx” kitabının təqdimatı olub. Təqdimat mərasimində kitabın müəllifi Barbara Lutterbek, “WIENAND” nəşriyyatının rəhbəri Maykl Vienand, Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Arzu Təbrizli və Ofelya Talışinskaya, Avropa Azərbaycanlıları Konqresinin sədri Samira Patzer-İsmailova, Azərbaycanın Almaniyadaki səfirliyinin ikinci katibi Sara Abasova iştirak ediblər.
“WIENAND” nəşriyyatının rəhbəri Maykl Vienand mərasimi açdıqdan sonra Samira Patzer-İsmailova çıxış edərək kitabın nəşrinə dəstək verən Heydər Əliyev Fonduna və Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib.
Dövlət Komitəsinin əməkdaşı Arzu Təbrizli kitabla bağlı ideyanın yaranma tarixçəsi barədə məlumat verib.
Sonra Samira Patzer-İsmailova və müəllif Barbara Lutterbek mətnlərin müəllifi Brunhilde Seelsorgenin yaradıcı yanaşmasından danışıb, Heydər Əliyev Fonduna kitabın nəşrinə göstərilən dəstəyə görə təşəkkürünü bildiriblər.
Avropa Azərbaycanlıları Konqresinin kitabın nəşri ilə bağlı bir sıra məsələlərin həllinə təşkilati dəstək verdiyi iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra kitabın məzmunu barədə məlumat verən fotoslayd nümayiş etdirilib. Kitabda toplanmış fotolar əsasında Azərbaycan haqqında ətraflı məlumat verilib. Tədbirin sonunda qonaqlara kitablar və nəşriyyatın hədiyyələri təqdim olunub.
Qeyd edək ki, “Azərbaycanda qonaq olarkən - mədəniyyət və mətbəx” adlı kitab Köln şəhərində fəaliyyət göstərən “WIENAND” nəşriyyat evi tərəfindən iki dildə - alman və ingilis dillərində çap edilib. Kitabin tərtibatında Bakı şəhərində və bir sıra rayonlarda çəkilmiş rəngarəng fotolardan istifadə edilib. Kitabda tariximizlə bağlı maraqlı faktlar, Azərbaycanın əsrlərdən bəri Avropanın bir sıra ölkələri ilə qurduğu əlaqələr, mədəniyyətimiz və mətbəximiz haqqında geniş məlumat verilib. Kitab sərgi izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. “WIENAND” nəşriyyat evi “Azərbaycanda qonaq olarkən - mədəniyyət və mətbəx” kitabını Almaniyanın bir sıra böyük şəhərlərinin kitab dükanlarında oxuculara təqdim edəcək.