ELM VƏ TƏHSİL
Azərbaycanda rusdilli təhsilin genişlənməsində Bakı Slavyan Universitetinin rolu böyükdür
Bakı, 1 may, AZƏRTAC
Bakı Slavyan Universiteti (BSU) Kişinyovda keçirilən Slavyan Universitetlərinin II Forumunda nümayəndə heyəti ilə təmsil olunub.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, Moldova Respublikası Slavyan Universitetinin təşkilatçılığı və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbirdə bu ölkənin müvafiq qurumlarının, slavyan universitetləri ilə yanaşı, Rusiyanın bir sıra qabaqcıl ali təhsil ocaqlarının nümayəndələri, Kişinyovda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.
Tədbirin plenar iclasında BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov təmsil etdiyi ali təhsil müəssisəsində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq həyata keçirilən layihə və islahatlar haqqında məlumat verib. O, Azərbaycanda rusdilli təhsilin genişləndiyi, eləcə də Şərqi Avropa, Balkan ölkələri, yunan-slavyan dünyası ilə respublikamızın siyasi-diplomatik, humanitar əlaqələrinin möhkəmləndiyi bir şəraitdə BSU-nun böyük rolundan və əhəmiyyətindən danışıb.
Tədbir çərçivəsində “Bugünkü keyfiyyətli təhsil sabahın təhsilli elitasıdır” mövzusunda təşkil olunan “dəyirmi masa”da BSU-nun pedaqoji fakültəsinin dekanı, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının baş redaktoru professor Flora Naciyeva universitetdə müxtəlif ixtisaslar üzrə pedaqoji kadr hazırlığı proqramları və təcrübəsindən, xarici ali təhsil ocaqları ilə müştərək elmi nəşrlərlə bağlı layihələrdən bəhs edib. O rəhbərlik etdiyi fakültədə xarici dil müəllimliyi (rus dili üzrə) ixtisasında tədrisin xüsusiyyətləri, danışıq kurslarının təşkili barədə də məlumat verib.
BSU-nun beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin üçüncü kurs tələbəsi Suqra Miralayeva forum çərçivəsində “Ölkəmin gələcək müqəddəratı məndən də asılıdır” mövzusunda keçirilən müsabiqədə iki nominasiya üzrə qalib olub.
Tədbirin bağlanış mərasimində BSU-nun nümayəndələri diplom və hədiyyələrlə mükafatlandırılıblar.