SİYASƏT
Azərbaycanda seçkiqabağı demokratik mühit mövcuddur
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycanın böyük seçki təcrübəsi formalaşıb. 1993-cü ildən bu günə qədər ölkədə keçirilən bütün seçkilər demokratik prinsiplərə uyğun təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri sechki-2018.az saytına açıqlamasında Efiopiyanın Azərbaycandakı fəxri konsulu, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov bildirib.
Fəxri konsul qeyd edib ki, Azərbaycan xalqının yüksək seçki mədəniyyəti mövcuddur. Ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində, referendumlarda seçki hüququ olan vətəndaşların məntəqələrə gedərək düzgün seçim etdiyinin şahidi oluruq. Azərbaycan seçici fəallığı baxımından hətta bir sıra Qərb ölkələrindən daha irəlidə qərar tutur. İctimai-siyasi sabitlik Azərbaycanın əsas atributlarından biri kimi qiymətləndirilir və ölkənin seçki mühitindən danışdıqda, ilk növbədə, demokratik seçkilərin keçirilməsini təmin edəcək aksioma kimi dəyərləndirilir. “Seçkiləri müşahidə etmək üçün çoxlu sayda beynəlxalq və regional təşkilatlara dəvətnamələr göndərilib. Bütün bunlar seçkiqabağı demokratik mühitin təmin olunmasının göstəriciləri hesab edilməlidir. Əminəm ki, aprelin 11-də xalqımız öz xoşbəxt gələcəyi naminə məntəqələrə üz tutacaq və istədiyi namizədə səs verəcək”, - deyə C. Ələkbərov əlavə edib.