REGİONLAR


Azərbaycanda səhiyyənin ən vacib sahələrindən olan onkologiyaya xüsusi diqqət yetirilir VİDEO

Naxçıvanda “Onkoloji xəstəliklərin müayinə və müalicəsinə müasir yanaşma” mövzusunda elmi konfrans keçirilib

Naxçıvan, 19 iyun, Rauf Kəngərli, AZƏRTAC

İyunun 17-də Naxçıvan Muxtar Respublika Xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin yüksəkixtisaslı həkimlərinin iştirakı ilə “Onkoloji xəstəliklərin müayinə və müalicəsinə müasir yanaşma” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı açan Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov tədbir iştirakçılarını 17 İyun - Tibb işçilərinin peşə bayramı günü münasibətilə təbrik edib. Bildirib ki, bu gün ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir, səhiyyə infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması əhalinin sağlamlığının qorunmasına xidmət edir. Bu gün Naxçıvanda digər xəstəliklərlə yanaşı, onkoloji xəstəliklərin də müalicəsi və profilaktikası diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri mütəmadi olaraq muxtar respublikanın bölgələrində profilaktik müayinələr aparırlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin yüksəkixtisaslı həkim briqadasının iyunun 15-dən 17-dək Naxçıvan Muxtar Respublika Xəstəxanasında tibbi aksiya keçirməsi də muxtar respublikada əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlərin tərkib hissəsidir. Niyazi Novruzov konfransın işinə uğurlar arzulayıb.

Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev “Baş-boyun şişlərinin müasir cərrahi müalicəsi” mövzusunda çıxışında əvvəlcə ölkəmizdə bu sahədə əldə olunan nailiyyətlərdən danışaraq qeyd edib ki, bu gün respublikamızın sürətli iqtisadi inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına müsbət təsir göstərib. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində uğurla aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər yeni-yeni uğurlara yol açıb.

“Ölkəmizdə səhiyyənin ən vacib sahələrindən olan onkologiyaya da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi avadanlıqla, o cümlədən mobil diaqnostik komplekslə təchiz edilib”, - deyən Əziz Əliyev bildirib ki, 2009-cu ildə mərkəzin cərrahiyə korpusunun və 2012-ci ildə isə Uşaq Onkologiya Korpusunun açılışı olub. Mərkəzin nəzdində regionda birinci olan Uşaq Klinikasının yaradılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın böyük əməyi var. Ötən il mərkəzin nəzdində Nüvə Təbabəti Mərkəzi də açılıb. Bu mərkəz nəinki Azərbaycanda, hətta regionda bu tipli ilk və yeganə tibb müəssisəsidir.

Vurğulanıb ki, zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi bu gün akademik Cəmil Əliyevin rəhbərliyi altında uğurla fəaliyyət göstərir. Dünyanın ən qabaqcıl səhiyyə müəssisələri ilə müqayisə olunan mərkəz Ümumdünya Səhiyyə Təşkilatı, “MD Anderson” və “Sloan Kettering” Onkoloji mərkəzləri, Avropa Nüvə Təbabəti Assosiasiyası və digər nüfuzlu mərkəzlərlə, təşkilatlarla əməkdaşlığını davam etdirir. Bu gün mərkəzin təcrübəli əməkdaşları tərəfindən respublikanın onkoloji xidmətinin strukturunun təşkili, bədxassəli şişlərin erkən diaqnostikası və bu xəstələrə müasir cərrahi, şüa və dərman müalicəsinin aparılması, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi istiqamətində böyük elmi araşdırmalar həyata keçirilir.

Diqqətə çatdırılıb ki, mərkəzə müraciət edən xəstələrin sayı hər il daha da artmaqdadır. Təkcə 2016-cı ildə 91 minədək xəstə bura müraciət edib, onlardan təxminən 31 mini onkoloji xəstə kimi qeydiyyata alınıb. 60 min nəfərin isə qeyri-onkoloji xəstə olduğu müəyyənləşib. Həmin il mərkəzdə 4 minədək uğurlu cərrahiyyə əməliyyatı aparılıb.

Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu deyib ki, hazırda mərkəzin baş-boyun şişləri şöbəsində qırtlağın xərçəngində larinqektomiya, qırtlağın tam və ya qismən çıxarılması əməliyyatları həyata keçirilir. Yeni üsulla aparılan larinqektomiya zamanı xəstənin cəmiyyətə normal adaptasiyası, digər insanlar kimi adekvat həyat tərzinə malik olması üçün də bütün zəruri tədbirlər görülür. Bu prosesin reallaşması üçün “Provoks” səs bərpa sistemi və ya protezi tətbiq olunur. “Provoks” protezindən hava xəstəyə birbaşa traxestoma ilə yox, protezin süzgəcləri vasitəsi ilə daxil olur. Buna görə də xəstədə ağ ciyər iltihabının baş verməsi təhlükəsinin qarşısı alınır. Nəticədə xəstə özünü yaxşı hiss edir, rahat, sərbəst şəkildə doğmaları və yaxınları ilə ünsiyyətdə ola bilir. Mərkəzdə son 3 ildir tətbiq edilən bu cərrahi əməliyyat tibb sahəsində çox böyük addım, nailiyyət hesab olunur.

Daha sonra konfransda mərkəzin həkimlərinin “Xərçəng xəstəliyinin profilaktikası”, “Qalxanabənzər vəzi xərçənginin erkən diaqnostikasında incə iynə biopsiyasının rolu”, “Onkourologiyada minimal invaziv cərrahi üsullar”, “Onkoloji diaqnostika yeni era: PET-KT”, “Onkologiyada invaziv radiologiyanın rolu”, “Magistral damarların rezeksiyası ilə törəmələrin çıxarılması”, “Süd vəzi xərçənginin müasir diaqnostika və müalicə üsulları”, “Uşaqlıq boynu xərçənginin erkən mərhələdə aşkarlanması metodları”, “Həzm və tənəffüs orqanlarında aparılan müasir endoskopik müayinə və müalicə üsulları” mövzularında çıxışları dinlənilib. Xərçəng xəstəliyinin müalicə və müayinəsində müasir yanaşmalarını özündə əks etdirən çıxışlar maraqla qarşılanıb.

Konfransda xərçəng xəstəliyinin cərrahi əməliyyatlarında tətbiq olunan yeni üsullar videogörüntülər vasitəsilə izah olunub, suallar cavablandırılıb.

Tədbir iştirakçılarına akademik Cəmil Əliyevin və professor İsa İsayevin “Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi və nəticələri” adlı kitabı və xərçəng xəstəliyinin yaranmasına səbəb olan amilləri, onun diaqnostikasını, cərrahi müalicəsini əks etdirən kitabçalar və broşuralar paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.