CƏMİYYƏT


Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC

Hazırda dünyada 415 milyona yaxın insan şəkərli diabetdən əziyyət çəkir. Bu xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmasa, çox ciddi fəsadlar törədə bilər. Böyük sürətlə yayılan bu xəstəlik ciddi sosial–tibbi problemlər yaradaraq ölkələrin iqtisadiyyatına, ailələrin maddi durumuna təsir edir. Dünya Səhiyyə Təşkilatının (DST) proqnozlarına görə, 2040-cı ilədək diabetdən əziyyət çəkənlərin sayı 642 milyona çata bilər. Azərbaycanda isə 212 577 nəfər diabet xəstəsi rəsmi olaraq qeydiyyatdadır. Onlardan 28924-ü I tip şəkərli diabet xəstəsi, 183653-ü II tip şəkərli diabet xəstəsidir. Bu il üçün dövlət büdcəsindən şəkərli diabetlə bağlı dövlət proqramına 40,1 milyon manat vəsait ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Respublika Endokrinoloji Mərkəzi və Azərbaycan Diabet Liqası tərəfindən noyabrın 11-də akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirilən elmi-praktik konfransda məlumat verilib.

Dünya Diabet Gününə həsr olunmuş tədbiri giriş sözü ilə açan Respublika Klinik Xəstəxanası baş həkiminin müavini Mahir Babayev ölkəmizdə şəkərli diabetlə mübarizə istiqamətində görülmüş işlərdən danışıb. Məlumat verilib ki, insanların ömürlərinin azalmasına səbəb olan bu xəstəliyə diqqətin cəlb olunması məqsədilə 1991-ci ildən DST-nin və Beynəlxalq Diabet Federasiyasının tövsiyələrinə görə, noyabrın 14-ü Dünya Diabet Günü kimi qeyd edilir. BMT-nin Baş Məclisinin 2006-cı il dekabrın 20-də qəbul etdiyi qətnaməyə əsasən Dünya Diabet Günü 2007-ci ildən başlayaraq BMT-nin rəsmi günü elan edilib. Noyabrın 14-ü Fredirik Bantinqin anadan olduğu gündür. Bu görkəmli insan Çarlz Best ilə 1922-ci ildə insulini kəşf etməklə diabetli insanların müalicəsində yeni bir eranın başlanğıcını qoyublar. Hər il Dünya Diabet Günü müxtəlif şüarlar altında qeyd edilir. Bu il isə Dünya Diabet Günü “Diabet zamanı gözlər” devizi ilə xəstəliyin fəsadlarına həsr edilib.

“Əvvəllər II tip şəkərli diabet xəstəliyinə 45-50 yaşlı insanlarda rast gəlinirdisə, indi bir yaşlı uşaqlarda da bu xəstəlik aşkarlanır. Dünyada bu gün 500 mindən artıq uşaq I tip şəkərli diabet xəstəsidir”. Bu sözləri isə konfransda çıxış edən Respublika Endokrinoloji Mərkəzi direktorunun müavini Babek Salek deyib. Onun sözlərinə görə, Azərbaycanda I tip diabet xəstələrinin 1 150-si uşaqlardır ki, onların da 99 faizi insulindən asılı formadadır. Qeyd olunub ki, dünyada 46,5 faiz insanın öz xəstəliyindən xəbəri yoxdur. Bundan başqa, doğuşa qəbul edilən hər 7 hamilə qadından birində şəkərli diabet olur.

B.Salek qeyd edib ki, ancaq erkən diaqnoz və müdaxilə fəsadların qarşısını ala bilər. Şəkərli diabet zamanı ilkin tibbi xidmətin düzgün təşkili də bu problemin həllində mühüm rol oynayır. Göz və göz dibinin ildə iki dəfə müayinəsi mühüm əhəmiyyət kəsb edir.

Respublika Klinik Xəstəxanası baş həkiminin cərrahiyyə işləri üzrə müavini Elmir Əsgərov isə deyib ki, hazırda dünyada 2 milyarda yaxın insanın çəkisi normadan artıqdır. Bu da həmin insanlarda bir çox xəstəliklərin, o cümlədən II tip şəkərli diabet xəstəliyinin yaranmasına gətirib çıxarır. Onun sözlərinə görə, dünyada belə xəstələrə bariatrik və metabolik cərrahiyyə əməliyyatı tətbiq edilir. Azərbaycanda da belə əməliyyatlar icra edilir. Nəzarət altında olan diabet xəstələrinin əməliyyatla bağlı hər hansı problemi olmur. Onlar normal insanlar kimi əməliyyat oluna bilirlər.

Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova isə bildirib ki, düzgün qidalanma, aktiv həyat tərzi, zərərli vərdişlərdən imtina II tip şəkərli diabetlə xəstələnmənin qarşısını 70 faizə qədər alır.

Qeyd edək ki, konfrans iştirakçıları skrininq müayinəsindən keçiriliblər. Müayinələr noyabrın 14-dək Respublika Endokrinoloji Mərkəzində davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.