ELM VƏ TEXNOLOGİYA


Azərbaycanda sel təhlükəsi davam edəcək

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Yay aylarının uzun müddət isti və quraq keçməsi nəticəsində dağlıq ərazilərdəki sel ocaqlarında artıq xeyli parçalanmış və aşınmaya hazır külli miqdarda sel materialı yığılıb. Fəsil dəyişərkən güclü leysan tipli yağışlar olsa, mütləq sel yaradacaq.

Bu barədə AZƏRTAC-a məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə bu hadisənin artıq baş verdiyini deyib: “Bir neçə gün əvvəl Daşkəsən-Gədəbəy zonasından, dünəndən başlayaraq Dəmiraparançaydan və Göyçaydan sel keçib. Hazırda buna oxşar hadisələr cənub yamacın digər çaylarında – Kişçayda, Şinçayda, Kürmükçayda da baş verib. Şimal-şərq yamaclarında da artıq gursululuqdur və selin keçmə ehtimalı çox böyükdür”.

E.Əlizadə bildirib ki, sel təhlükəliliyi yay fəslindən payıza keçiddə çox güclüdür: “Dəmiraparançayda turizmin inkişafı üçün çoxlu obyekt tikilib. Bu, çox yaxşıdır. Amma vurğulamaq lazımdır ki, orada yamacların tarazlığı pozulur, aşınma prosesi güclənir, sel ocaqlarında fəallaşma artır. Bu da yağıntılarda sellərin yaranmasına səbəb olur. Hazırda Böyük Qafqazın cənub yamac çaylarında - Kürmükçay, Şinçay, Kişçay, Dəmiraparançay, Göyçay, Girdimançay, şimal-şərq yamacda Darçay, Qudyalçay, Vəlvələçay və Lənkəran zonası çaylarında sel keçmə ehtimalı çox böyükdür. Belə davam edərsə, sellərin baş vermə ehtimalı çox böyükdür. Əsas təhlükə Şəki-Zaqatala, Quba-Xaçmaz, qismən də Lənkəran zonasındadır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.