İQTİSADİYYAT
Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsi başlamışdır
Bakı, 11 iyul (AZƏRTAC). Prezidentin 2014-cü ilin “Sənaye ili” elan edilməsi haqqında Sərəncamı ilə Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsi başlamışdır. Sərəncama uyğun olaraq, 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanmışdır. Proqramda sənayenin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş uzunmüddətli inkişaf istiqamətləri əsas götürülmüşdür.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında bu barədə məlumat verən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev sənayedə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər görüldüyünü diqqətə çatdırmışdır. Nazir qeyd etmişdir ki, “Azərbaycan Polad İstehsalı Kompleksi”nin qurulması ilə bağlı məsləhət xidmətinin göstərilməsinə dair müqavilə imzalanmış, Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların, Balaxanı Sənaye Parkında qeydiyyata alınmış rezident şirkətlər tərəfindən isə tullantı yağlarından 120 adda müxtəlif növ məhsulların istehsalına başlanılmışdır.
Mingəçevir və Gəncə sənaye parklarının yaradılması ilə bağlı hüquqi bazanın formalaşdırılması məqsədilə müvafiq işlər görüldüyünü deyən Şahin Mustafayev sənaye məhəllələrinin yaradılması məqsədilə müasir təcrübənin öyrənildiyini, ilk olaraq Neftçala rayonunda layihələndirmə işlərinə başlanıldığını qeyd etmişdir. Həmçinin bildirilmişdir ki, maşınqayırma sənayesində mövcud vəziyyət təhlil olunmuş, fəaliyyət göstərən müəssisələr tərəfindən təqdim edilən investisiya layihələri nəzərdən keçirilmiş və bununla bağlı müvafiq təkliflər hazırlanmışdır.