ELM VƏ TEXNOLOGİYA


Azərbaycanda seysmologiya sahəsində görülən işlər yüksək qiymətləndirilib

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin rəhbərlik etdiyi nümayəndə heyəti Geoelmlər üzrə Alman Araşdırma Mərkəzinin Erkən Xəbərvermə Sistemləri Mərkəzinin (GFZ EXSM) rəhbəri, professor Stefano Parolainin dəvəti ilə bu ölkənin Potsdam şəhərində səfərdə olublar.

Mərkəzdə keçirilən görüşdə aparılan elmi tədqiqatlar, görülən işlər və nəticələr, eyni zamanda, Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması və seysmik təhlükəli zonaların müəyyənləşdirilməsi istiqamətində tədqiqat işləri müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti daha sonra GFZ EXSM-nin Potsdam şəhərində yerləşən mərkəzi kampusunda olub.

RSXM-nın baş direktoru Qurban Yetirmişli Bakı şəhərinə təsir edən zəlzələ ocaqları haqqında məruzə edərək paytaxtımızın seysmik mikrorayonlaşdırılması işlərinin vacibliyini diqqətə çatdırıb.

GFZ-nin Yer Sistemləri Bilikləri Platformasının rəhbəri, Mərkəzi Asiya Tətbiqi Geoelmlər İnstitutunun həmdirektoru Jörn Lauterjung Azərbaycanda seysmologiya sahəsində görülən işlərin yüksək səviyyədə olduğunu bildirərək Bakı şəhərinə təsir edən zəlzələ ocaqlarının əksəriyyətinin Xəzər dənizində olduğu üçün bu dənizdə də seysmik stansiyaların qurulmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması layihəsinin həyata keçirilməsi üçün GFZ-nin texno parkında olan cihazların Bakı şəhərində quraşdırılması istiqamətində ilkin razılıq əldə olunub. Bildirilib ki, GFZ-nin texno parkından ilkin olaraq 20 stansiyanın 2 il müddətində Bakı şəhərində quraşdırılması bu qurumun hesabına, hər iki təşkilatın əməkdaşlarının iştirakı ilə həyata keçiriləcək.

RSXM əməkdaşları daha sonra GFZ EXSM-nin zəlzələlərin və vulkanların fizikası bölməsinin mühəndis–geofiziki Birger-G.Lühr ilə görüşüblər.

Baş direktor Qurban Yetirmişli Azərbaycanda palçıq vulkanlarının çox geniş yayıldığını diqqətə çatdırıb. O, palçıq vulkanları ilə zəlzələlər arasında əlaqə barədə məruzə ilə çıxış edərək bu sahədə birgə tədqiqatların aparılmasını təklif edib.

Birger-G.Lühr bildirib ki, aparılan tədqiqatlar zamanı vulkanların ətrafında quruda və dənizin dibində seysmik stansiyalar quraşdırırlar və bu, həmin ərazilərdə baş verən prosesləri izləməyə imkan verir. O, Xəzər dənizində də seysmik stansiyaların quraşdırılmasının vacibliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.