CƏMİYYƏT
Azərbaycanda suçiçəyinə yoluxan xəstələrin sayında azalma müşahidə edilir
Bakı, 26 aprel, AZƏRTAC
Cari ilin yanvar-mart aylarına Azərbaycanda 5886 nəfər suçiçəyinə yoluxub ki, bu da 2016-cı ilin müvafiq dövrü (6628 nəfər) ilə müqayisədə 11,2 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində (RGEM) keçirilən mətbuat konfransında RGEM-in direktor müavini Afaq Əliyeva məlumat verib. O deyib: “Suçiçəyi idarə edilə bilməyən infeksiya olduğu, ona qarşı vaksinləşdirmə işləri aparılmadığı üçün biz bu infeksiyanı epidemiya əleyhinə tədbirlərin köməyilə azaltmağa çalışırıq. Bu zaman biz vaksinləşdirmə yolu ilə idarə edilən xəstəliyin qarşısını almağa nail oluruq”.
RGEM-in direktor müavini, həmçinin qeyd edib ki, uşaq bağçalarında bu xəstəliyə yoluxma hallarına çox az rast gəlinir. “Hazırda suçiçəyi əsasən məktəbyaşlı uşaqlar arasında yayılıb. Bununla belə bir məktəbdə və ya uşaq müəssisəsində xəstəlik statistikasının yüksəlişi qeydə alınmayıb”, - deyə A.Əliyeva əlavə edib.