CƏMİYYƏT
Azərbaycanda sümük iliyi transplantasiyası əməliyyatları artıq öz mütəxəssislərimiz tərəfindən aparılır
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzi bu gün həmin xəstələrin müalicəsini tam həcmdə həyata keçirir, onları lazımi dərman və qan preparatları ilə təmin edir. Artıq Azərbaycan sümük iliyi transplantasiyası əməliyyatları edən az sayda ölkələr siyahısına daxil olub. Bu mürəkkəb müalicə üsulu böyük investisiyalar, xüsusi şərait, yüksək ixtisaslı mütəxəssislər tələb edir. Artıq 35 uşağa sümük iliyi köçürülüb və ilin sonunadək daha 15 nəfərin əməliyyat olunması planlaşdırılır. Əlamətdar haldır ki, ilkin olaraq ilik transplantasiyası xarici mütəxəssislərin köməyi ilə edilirdisə, indi artıq öz mütəxəssislərimiz tərəfindən aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib.
İrsi qan xəstəliklərinin qarşısını almaq məqsədilə nikaha daxil olanların tibbi müayinəsinin də böyük əhəmiyyət daşıdığını qeyd edən səhiyyə naziri deyib ki, bu ilin 9 ayı ərzində 113 min nəfər müayinədən keçib və 3587 talassemiya daşıyıcısı aşkarlanıb. “Qeyd etmək lazımdır ki, tibb müəssisələri ilə yanaşı, həmin müayinələrin böyük bir qismi insanların rahatlığı üçün “ASAN xidmət” mərkəzlərində həyata keçirilib. Bu müayinələr həm xəstəliklərin vaxtında aşkarlanmasına, həm də insanların düşünülmüş qərar qəbul etməsinə xidmət edir. Əlbəttə ki, ən vacibi irsi qan xəstəliklərinin yayılmasının qabağının alınması, sağlam körpələrin doğulmasıdır”, -deyə O.Şirəliyev bildirib.
O, hazırda Azərbaycanda yeni diridoğulma meyarlarına uyğun olaraq, vaxtından xeyli tez, ekstremal az çəki ilə doğulan körpələrin xilas edilməsi istiqamətində ciddi işlər görüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki, doqquz ay ərzində 1000 qramdan az çəkili 102 körpəni xilas etmək mümkün olub.