REGİONLAR
Azərbaycanda taxıla olan illik tələbatın 65-70 faizi daxili istehsal hesabına ödənilir
Bakı, 28 iyul, AZƏRTAC
Ölkə əhalisi, eləcə də mal-qara və quşların baş sayı nəzərə alınmaqla, Azərbaycanda taxıla olan illik tələbat təxminən 3,5-4 milyon ton, o cümlədən ərzaq buğdasına tələbat 1,7 milyon tondur. Daxili istehsal hesabına taxıla tələbatın təxminən 65-70 faizi ödənilir.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik Şöbəsinin müdiri İmran Cümşüdov AZƏRTAC-a müsahibəsində bildirib ki, tələbatın qalan hissəsi idxal hesabına təmin edilir.
Şöbə müdiri deyib ki, əhalinin taxıl və çörək məhsullarına olan tələbatının daxili istehsalla ödənilməsi ölkə rəhbərliyi tərəfindən vacib məsələ kimi qarşıya qoyulub. Ona görə də ərzaq təhlükəsizliyinin əsas sahəsi olan taxılçılığı inkişaf etdirmək, əhalinin taxıl və çörək məhsullarına olan tələbatını daxili istehsal hesabına təmin etmək üçün iri özəl taxılçılıq təsərrüfatlarının yaradılmasına başlanılıb. Bu məqsəd üçün seçilmiş torpaq sahələrinin ümumilikdə bütün infrastruktur, texniki təminat, meliorasiya və s. məsələləri dövlət tərəfindən hərtərəfli dəstəklənir. Qeyd edilən təsərrüfatlarda buğda, qarğıdalı, soya istehsalı sahəsində uğurlu nəticələr əldə edilib, buğda və qarğıdalının məhsuldarlığı respublika üzrə orta göstəricidən 2 dəfədən də çox olub.
“Hazırda Taxtakörpü və Şəmkirçay su anbarları və kanalların istifadə verilməsi nəticəsində yeni suvarılacaq və su təminatı yaxşılaşdırılacaq rayonlarda, o cümlədən dövlət fondu torpaqlarında uyğun sahələrin seçilməsi, ölçülərinin müəyyənləşdirilməsi, əkin strukturunun öyrənilməsi və təsərrüfatla bağlı digər işlərin həyata keçirilməsi davam etdirilir ki, bu işlər də yaxın zamanlarda taxıl və digər məhsulların bolluğunun yaradılmasına öz töhfəsini vermiş olacaq”, - deyə İ.Cümşüdov qeyd edib.