SİYASƏT


Azərbaycanda təhsil almış vyetnamlı məzunlar ikitərəfli əməkdaşlığın inkişafında daha fəal olmalıdırlar

A+ A

Bu fikir Hanoyda keçirilən tədbirdə səslənib

Hanoy, 7 noyabr, AZƏRTAC

Azərbaycanda təhsil almış vyetnamlı məzunlar çalışdıqları sahələr üzrə ikitərəfli əməkdaşlığın inkişafında daha fəal olmalı və səylərini əsirgəməməlidirlər.

Bu fikir Azərbaycan ilə Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 24 illiyi və Vyetnam-Azərbaycan Dostluq Təşkilatının təsis olunmasının birilliyi münasibətilə Hanoyda keçirilən tədbirdə səslənib.

Azərbaycanın ali təhsil ocaqlarında təhsil almış, hazırda Vyetnamın müxtəlif dövlət və özəl qurumlarında çalışan məzunların iştirak etdikləri tədbirdə təşkilatın sədri, Vyetnam parlamentinin deputatı, bu ölkənin Elm və Texnologiya Assosiasiyaları Birliyinin vitse-prezidenti Nqiyem Vu Xai çıxış edərək qurumun birillik fəaliyyəti barədə hesabat verib və növbəti il üçün fəaliyyət planını açıqlayıb.

Nqiyem Vu Xai ölkələrimiz arasında mövcud olan tarixi dostluq münasibətləri ilə yanaşı, əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayaraq, Azərbaycanın ali təhsil ocaqlarının vyetnamlı məzunlarını bu işdə fəal olmağa çağırıb.

Azərbaycan ilə Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 24 illiyinə toxunan ölkəmizin Hanoydakı səfiri Anar İmanov xalqlarımız arasında dostluq əlaqələrinin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Vyetnamın keçmiş Prezidenti Xo Şi Minin qoyduğunu qeyd edib. Son illər iki ölkə arasında əməkdaşlığın fəallaşdığını vurğulayan səfir Azərbaycan və Vyetnam prezidentlərinin qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin bütün sahələr üzrə inkişafı üçün zəmin yaratdığını bildirib.

A.İmanov 2013-cü ildə Azərbaycanın Vyetnamda səfirliyinin açılmasından etibarən hər zaman vyetnamlı məzunların dost münasibətinin şahidi olduğunu vurğulayıb. O, vyetnamlı məzunların uzun illər keçməsinə baxmayaraq, ölkəmizə bağlılığını yüksək qiymətləndirib, səfirliyin keçirdiyi tədbirlərdə böyük maraqla və fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

Səfir A.İmanov Vyetnam-Azərbaycan Dostluq Təşkilatının, eləcə də məzunların ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün irəli sürdükləri təkliflərə səfirliyin hər zaman dəstək verməyə hazır olduğunu deyib.

Tədbirdə iştirak edən məzunlar ölkəmizlə bağlı xoş xatirələrini bölüşüb, Azərbaycan mahnılarını ifa ediblər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Hanoy

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.