ELM VƏ TƏHSİL
“Azərbaycanda təhsilin inkişaf strategiyası” monoqrafiyası Almaniyada ingilis dilində nəşr edilib
Bu nəşr son illərin ciddi elmi araşdırmalarından hesab edilməklə, ingilis dilində nəşr edilən ilk milli monoqrafiya olaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələrin beynəlxalq təbliği baxımdan xüsusi əhəmiyyət daşıyır.
Müəllif monoqrafiyada əvvəlcə ölkəmizdə təhsilin tarixi barədə məlumat verir, xalqımızın təhsilə, maarifə xüsusi diqqət yetirməsini, məktəbi, müəllimi yüksək qiymətləndirməsini konkret tarixi proseslərin axarında şərh edərək diqqəti milli təhsilin xronologiyasına cəlb edir.
Dörd fəsildən ibarət olan monoqrafiyada Azərbaycanda təhsilin tarixinə ümumi nəzər yetirilməklə, bu sahənin inkişafında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinin ictimai-pedaqoji təhlili aparılır. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən müasir quruculuq prosesinin əsas istiqamətləri, xüsusilə bu inkişafın tərkib hissəsi olan təhsilin modernləşməsi sahəsində görülən işlər təhlil edilir. Müasir cəmiyyətdə vətənpərvərliyin və xeyirxahlığın ali ünvanı olan Heydər Əliyev Fondunun, bu qurumun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təhsilin inkişafı ilə bağlı çoxşaxəli fəaliyyəti araşdırılır.
Kitabı əldə etmək istəyənlər https://www.lap-publishing.com/catalog/details/store/gb/book/978-3-659-25759-9/the-strategy-of-education-development-azerbaijan?search=ahmadov%20humeyir saytına müraciət edə bilərlər.