CƏMİYYƏT
Azərbaycanda təhsilin inkişafı Ümummilli Liderlə bağlıdır
Bakı, 12 dekabr, AZƏRTAC
Ulu öndərin nəinki Azərbaycanda təhsilin inkişafı, eləcə də ölkənin sosial-iqtisadi inkişafında çox böyük xidmətləri olub.
Bu sözləri dekabrın 12-də Ulu Öndərin əziz xatirəsini yad etmək üçün Fəxri Xiyabana gələn Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin magistri Əmrah Vahabzadə AZƏRTAC- a müsahibəsində deyib.
Ə.Vahabzadə vurğulayıb ki, ulu öndər Heydər Əliyevin təhsil siyasəti konsepsiyasına əsasən ali məktəblərimizin əksəriyyətində təhsil alan gənclərin elmi-tədqiqat işlərinə cəlb olunması üçün lazımi şərait yaradılıb.
Son dövrlər hər il tələbələrin müxtəlif fənlər üzrə respublika olimpiadaları, konfranslar, gənc tədqiqatçıların respublika simpoziumları, müsabiqələr keçirilir ki, bu da elmə, elmi tədqiqatlara olan marağı daha da artırır.
Danılmaz faktdır ki, elm və təhsilə göstərilən diqqətin nəticəsi olaraq, ümummilli lider Heydər Əliyev özünün milli dövlət quruculuğu strategiyasında təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşmış, bu sahəyə diqqət və qayğısını həmişə önə çəkmişdir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.