İQTİSADİYYAT


Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar keçirilən müsabiqə və yarışların qalibləri mükafatlandırılıb

Bakı, 16 dekabr, Elvira Məmmədova, AZƏRTAC

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı – Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar keçirilən müsabiqə və yarışların qaliblərinə mükafatlar təqdim olunub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə dekabrın 16-da Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) keçirilən təqdimat mərasimində nazir Ramin Quluzadə Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı – Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar Prezidentin Sərəncamı ilə səmərəli fəaliyyətinə görə bir qrup rabitəçiyə fəxri adların verilməsinin dövlətimizin başçısının bu sahəyə diqqət və qayğısının göstəricisi olduğunu qeyd edib. O, fəxri adlarla təltif olunanları, keçirilən müsabiqə və yarışların qaliblərini təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.

Mərasimdə əvvəlcə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilən bir qrup rabitəçi mükafatlandırılıb.

Xatırladaq ki, Prezidentin Sərəncamı ilə təltif olunan bir qrup rabitəçi rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyinin qeyd olunması ilə əlaqədar Gəncə şəhərində keçirilən yubiley tədbirində mükafatlandırılmışdı.

Sonra 24 sentyabr-1 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş Rabitəçilərin ənənəvi “Sağlamlıq–2016” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb. Birinci, ikinci və üçüncü yerləri tutan komandalar Fəxri fərman və kubokla, həmin komandaların üzvləri, habelə ayrı-ayrı idman növləri üzrə fərdi yarışlarda ilk üç yeri tutan idmançılar isə Fəxri fərman və pul mükafatları ilə təltif olunublar. Qeyd edək ki, 9 idman növü üzrə keçirilən yarışlarda 1200-ə yaxın idmançı iştirak edib. Spartakiadanın yekununa görə, ümumkomanda hesabında birinci yerin qalibi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. İkinci yerdə Dövlət Radiotezliklər İdarəsi, üçüncü yerdə isə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi qərarlaşıb.

Bundan başqa, tədbir çərçivəsində “İKT üzrə ən yaxşı kitab”, “İKT üzrə ən yaxşı elmi məqalə”nin müəyyənləşdirilməsi üçün keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.

Mərasimdə “Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi - informasiya cəmiyyətinə keçid” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirilən yazı müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Mükafatlandırılanlar arasında AZƏRTAC-ın əməkdaşı da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.