REGİONLAR
Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri
Sumqayıt, 4 may, AZƏRTAC
Sumqayıtdakı Gənclər Evində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, şəhər Veteranlar Şurasının birgə təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə şəhərin müxtəlif sahələrinin təmsilçisi olan fəal gənclərlə yanaşı, şəhər Veteranlar Şurasının sədr və üzvləri də iştirak ediblər.
Veteranlar Şurasının sədri Leyla Qasımova çıxışında əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin ölkəmizdə sülh şəraitində layiqli həyat sürmələrindən söz açıb, onların azadlıq, dostluq mühitində yaşadığını vurğulayıb.
Daha sonra çıxış edənlər şəhər icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Fərman Kazımov, Sumqayıt Cümə məscidinin axundu Hacı Rauf Sərdarov, Baş İdarənin gənclərlə iş sektorunun baş məsləhətçisi Ceyhun Hüseynov respublikada hökm sürən etnik və dini tolerantlıq mühitinin dünyaya nümunə olduğunu, ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkiliyin olmadığını, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma mövcud olduğunu qeyd ediblər.
Tədbirdə mövzu ətrafında müzakirələr də aparılıb.