CƏMİYYƏT
Azərbaycanda uşaq həkimlərinin sayı açıqlanıb
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycanda hazırda uşaq həkimlərinin sayı 3 min 882 nəfərdir. Eyni zamanda, 18 yaşadək uşaqların hər 10 min nəfərinə 15 həkim xidmət göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin rəsmi statistik məcmuəsində məlumat verilib.
Statistik rəqəmlər ölkəmizdə pediatr-həkimlərin sayında azalma müşahidə olunduğunu göstərir. Belə ki, uşaq həkimlərinin sayı 1996-cı ildə 4 min 268 nəfər, 2006-cı ildə 4 min 323 nəfər, 2011-ci ildə 4 min 73 nəfər, 2015-ci ildə isə 4 min 29 nəfər olub. Bununla yanaşı, xəstəxanalarda uşaqlar üçün nəzərdə tutulan çarpayıların sayında da azalma qeydə alınıb. Xəstəxanalarda çarpayıların sayı 12 min 666-dan (1996-cı ildə) 6 min 53-ə (2016-cı ilin əvvəlinə) düşüb.
Rəsmi nəşrdə o da bildirilir ki, xəstəxanalarda çarpayıların və pediatrların sayının azalması ölkəmizdə həyata keçirilən səhiyyə islahatları ilə əlaqədardır.