CƏMİYYƏT
Azərbaycanda uşaqların müdafiəsi problemləri və onların həlli yolları
Bakı, 1 iyun, AZƏRTAC
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Sputnik Azərbaycan” Beynəlxalq Multimedia Mətbuat Mərkəzində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova media nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Gülnarə Hüseynova ümumilikdə respublikada 1542 hemofiliya xəstəsinin qeydiyyatda olduğunu bildirib. Qeyd edilib ki, bunların 50-55 faizi məktəbəqədər və məktəb yaşlı uşaqlardır. Qurumun sədri vurğulayıb ki, bir çox xəstəliklərdə olduğu kimi hemofiliyanın da əsas səbəblərindən biri də qohumlar arası nikahlardır.
Rəhbərlik etdiyi qurum barədə məlumat verən G.Hüseynova deyib: "Bizim assosiasiyanın əsas məqsədi cəmiyyətin fikrini bu problemə cəmləməkdir. Hazırda xəstə uşaqlar üçün dövlət proqramı sayəsində bu xəstəlikdən əziyyət çəkən körpələrimiz həddindən artıq bahalı dərmanlarla təmənnasız təmin olunur və bununla da cəmiyyətə inteqrasiya olunurlar".
Avropa Şurasının Parlament Assambleyasının toplantısından yeni qayıdan Gülnarə Hüseynova orada müzakirə olunan məsələlərə də toxunub. O deyib: "Tədbirdə internetin uşaqların həyatında rolu müzakirə edilib. Hazırda bu məsələ bütün dünyanın əsas problemlərindən biridir. Statistikaya əsasən 12-16 yaş arası azərbaycanlı uşaqların təxmini 72 faizi sosial şəbəkələrdən istifadə edir. Bu uşaqların da çoxu internetin mənfi təsirinə məruz qalırlar ki, bu da ilk öncə uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərir. Burada əsas yük valideynin çiyinlərinə düşür. Valideyn nəzarəti bu problemin əsas həll yoludur. Bundan əlavə sosial şəbəkələrdə milyardlarla uşaq pornoqrafiyasının dövriyyəsi müşahidə edilir ki, bu da uşaqlar arasında intihar hallarının əsas səbəblərindəndir. Bu bəladan xilas olmaq üçün biz ilk növbədə uşaqlar arasında rəqəmsal mühitdən faydalı istifadəni təbliğ etməliyik".
Sonra mövzu ətrafında müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.