İDMAN


Azərbaycanda və Gürcüstanda keçiriləcək qadınlar arasında Avropa çempionatının təqvimi açıqlanıb

Bakı, 19 yanvar, AZƏRTAC

Sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının təqvimi açıqlanıb.

AZƏRTAC Avropa Voleybol Konfederasiyasına (CEV) istinadla xəbər verir ki, çempionata sentyabrın 22-də Bakıda Rusiya-Ukrayna oyunu ilə start veriləcək. Həmin gün paytaxtımızda Azərbaycan millisi Macarıstan yığmasını qəbul edəcək. “A” qrupunda yer alan millimiz növbəti oyununu sentyabrın 24-də Polşa, bir gün sonra isə Almaniya voleybolçularına qarşı keçirəcək.

Çempionatın qrup mərhələsinin oyunları dörd gün ərzində baş tutacaq. Sentyabrın 26-27-də play-off mərhələsinin, 28-29-da dörddəbir, bir gün sonra isə yarımfinal mərhələsinin görüşləri təşkil olunacaq. Oktyabrın 1-də final qarşılaşması Bakıda Milli Gimnastika Arenasında oynanılacaq.

Yarışda ilk dəfə debüt edəcək Gürcüstan yığmasından fərqli olaraq, Azərbaycan dəfələrlə qitə birinciliyinin iştirakçısı olub. Voleybolçularımız ən yaxşı nəticəni 2005-ci ildə Xorvatiyada keçirilən Avropa çempionatında göstəriblər. Millimiz yarışı dördüncü pillədə başa vurub.

Ardıcıl iki çempionatda qızıl medallara Rusiya voleybolçuları sahib olurlar. Rusiya millisi qızıl medal uğrunda görüşdə 2013-cü ildə Almaniyadan, 2015-ci ildə isə Niderlanddan üstün olub. Olimpiya Oyunlarının gümüş medalçısı Serbiya millisi isə sonuncu qitə birinciliyində bürünc medal qazanıb.

Xatırladaq ki, Azərbaycan millisi “A” qrupunda Almaniya, Polşa və Macarıstan yığma komandaları ilə birgə mübarizə aparacaq. “B” qrupunda Gürcüstan, İtaliya, Xorvatiya və Belarus yığmaları yarışacaq. Rusiya, Türkiyə, Bolqarıstan və Ukrayna milliləri “C”, Serbiya, Niderland, Belçika və Çexiya yığmaları isə “D” qrupunda güclərini sınayacaqlar. “A” və “C” qrupunun oyunları Bakıda, “B” qrupunun qarşılaşmaları Tbilisidə, “D” qrupunun görüşləri isə Göygöldə təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.