İQTİSADİYYAT
Azərbaycanda vergi ödəyiciləri tərəfindən bəyannamələrin artıq 90 faizindən çoxu elektron formada təqdim olunur
Şamaxı, 28 iyul, Ramiz Quliyev, AZƏRTAC
İyulun 28-də Vergilər Nazirliyinin Tədris Mərkəzində “Vergi öhdəliklərinin yerinə yetirilməsində sosial tərəfdaşların rolu” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Vergilər Nazirliyinin, sahibkarların ictimai təşkilatlarının, qeyri-hökumət təşkilatlarının, icra strukturlarının və bələdiyyələrin nümayəndələri, sahibkarlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov müasir dövrdə vergilərin dövlət büdcəsinə vaxtında və tam həcmdə ödənilməsinin, ilk növbədə, sosial tərəfdaşların dəstəyi ilə könüllü əməletməni təmin etməkdən keçdiyini deyib. Bildirib ki, vergi öhdəliklərinin yerinə yetirilməsi yalnız vadaretmə deyil, vadaretmənin, xidmətin, könüllü səylərin, kommunikasiyanın və maarifləndirmənin məcmusundan ibarətdir.
Ə.Məmmədov diqqətə çatdırıb ki, Azərbaycanda vergi ödəyiciləri tərəfindən təqdim edilən bəyannamələrin artıq 90 faizindən çoxu elektron formada təqdim olunur ki, bu da həyata keçirilən islahatların, vergi sistemində tətbiq olunan informasiya texnologiyalarının yaratdığı imkanların hesabınadır.
Qeyd olunub ki, Vergilər Nazirliyinin əsas məqsədi vergidən yayınan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi deyil, yayındırılmış vergi məbləğlərinin dövlət büdcəsinə ödətdirilməsidir. Bu ilin birinci yarımilliyi ərzində 508 iş üzrə 29,1 milyon manat məbləğində yayındırılmış vergi məbləğinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Vergilər Nazirliyi könüllü əməletmə sisteminin bütün vergi ödəyicilərini əhatə etməsinə nail olmağı hədəfləyir. Könüllü əməletmə - vergi ödəyicilərinin vergi qanunlarına riayət etmələrini, gəlir məbləğlərini və vergi öhdəliklərini ədalətli və dürüst bəyan etmələrini, gəlirləri barədə bəyannamələri vaxtında, sərbəst və könüllü şəkildə təqdim etməyə şərait yaradan, başqa sözlə, vergilərin vaxtında ödənilməsini aşılayan bir sistemdir. Bu məqsədlə Vergilər Nazirliyi vergi ödəyicilərinə göstərilən xidmətlərin, xüsusən elektron xidmətlərin əhatə dairəsini genişləndirməyi nəzərdə tutur.
Tədbirdə Vergilər Nazirliyinin vergi ödəyiciləri ilə təmasında vətəndaş cəmiyyətinin, xüsusilə də sahibkarların ictimai birliklərinin, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin mühüm rolu qeyd edilib, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin zəruriliyi önə çəkilib.
Sonra Vergilər Nazirliyinin nümayəndələri tərəfindən nazirliyin vergi ödəyicilərinə göstərdiyi xidmətlər, vergi borclarının alınması və digər mövzularda təqdimatları keçirilib.
“Dəyirmi masa”da vergi orqanları və biznes arasında mövcud olan əlaqənin yeni forması olan korporativ əməletmə ətrafında geniş müzakirələr keçirilib, partnyorluq, qarşılıqlı faydalara söykənən dövlət-biznes münasibətlərinin qurulması istiqamətində aparılan işlər barədə fikir mübadiləsi aparılıb.