SİYASƏT
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən işlərlə bağlı müzakirələr aparılıb
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan, Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Bruk Ayşam ilə görüş keçirilib.
Şuranın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti, QHT-lər haqqında qanunvericiliyə edilən əlavə və dəyişikliklər, Azərbaycan - ABŞ münasibətləri və əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Şura sədri QHT-lər haqqında qanunvericiliyə edilən əlavə və dəyişikliklərin xarici donorların fəaliyyətinə təsiri, onların qeydiyyat məsələləri, təsdiq olunacaq yeni qaydalarla bağlı məlumat verib.
Qanunvericiliyə edilən əlavə və dəyişikliklərin indiyədək mövcud olan boşluqların aradan qaldırılması, vətəndaş cəmiyyətində sağlam mühitin yaradılması, şəffaflığın və səmərəliliyin təmin olunması məqsədi ilə həyata keçirildiyi bildirilib. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən bundan sonra ölkədəki dövlət qurumları tərəfindən QHT-lər üçün ayrılan qrant layihələrinin Şura ilə razılaşdırılacağı diqqətə çatdırılıb. Qeyd edilib ki, bu Sərəncam Azərbaycan dövlətinin yalnız xarici donorların deyil, milli donorların fəaliyyətində də şəffaflığın və səmərəliliyin artırılmasında maraqlı olduğunu göstərir.
Görüşdə səfirliyin siyasi məsələlər üzrə müşaviri Daniel Slaşer və USAID-in əməkdaşı Kris Şaffer də iştirak ediblər.