MƏDƏNİYYƏT
Azərbaycanda xüsusi turizm zonalarının yaradılması məsələsi aktualdır
Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycanda xüsusi turizm zonalarının yaradılması məsələsi aktualdır və bu sahədə müvafiq sənədlər hazırlanıb, müzakirə olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
"Azərbaycanın turizm potensialının reallaşdırılması üçün son zamanlar çox ciddi addımlar atılıb. Biz artıq turistlərin Azərbaycana marağının artmasını müşahidə edirik. Azərbaycanda turizm sahəsinə son illər külli miqdarda vəsait ayrılıb və turizm infrastrukturu inkişaf etdirilib. Xüsusi turizm zonalarının yaradılması əsasən Xəzər dənizinin ətrafında nəzərdə tutulub. Burada çimərlik turizminin inkişafı və bütün turizm infrastrukturunun daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Bunlar sahibkarlara bu sahədə daha yüksək səviyyədə turizm imkanlarını yaratmağa imkan verir. Vergi güzəştləri investisiya təşviqi mexanizmi vasitəsilə həyata keçirilir. Burada da turizm sahəsi prioritet sahə kimi müəyyənləşdirilib. Onlar bu təşviq mexanizmindən bəhrələnə bilərlər", - deyə S.Həsənova diqqətə çatdırıb.