CƏMİYYƏT
Azərbaycanda yaşamış alman icmasının məskunlaşma tarixi, həyat tərzi ekranlaşdırılacaq
Bakı, 27 may, AZƏRTAC
Azərbaycanın Gəncə şəhərində, Şəmkir, Tovuz, Ağstafa, Göygöl rayonları ərazisində kompakt şəkildə yaşamış alman icmasının məskunlaşma tarixi, buradakı həyat tərzi ekranlaşdırılacaq. Filmin bu ilin sentyabr ayında çəkilişlərinə başlanılacaq.
Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) almaniyalı kino mütəxəssisləri ilə keçirilən görüşdə məlumat verilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, görüşdə almaniyalı diplomat Ortvin Hennig, kinossenarist, professor Gunter Konrad və tanınmış prodüser Friedhelm Brücknerin təmsil olunduğu nümayəndə heyəti xalqımızın qonaqpərvərliyinə heyran qaldıqlarını deyiblər.
Nümayəndə heyətinin Azərbaycana səfərlərinin məqsədi vaxtilə Azərbaycanda və Gürcüstanda məskunlaşan alman koloniyaları ilə bağlı sənədli film çəkməkdir.
Görüş zamanı BBMM-in müşaviri Aytən Qəhrəman Azərbaycanın əsrlərə söykənən multikultural dəyərləri, tolerantlıq ənənələri ilə bağlı məlumat verib. Bildirib ki, ölkəmizdə dinc, yanaşı şəkildə yaşayan onlarla xalqın nümayəndəsi kimi almanlar da Azərbaycanda məskunlaşdıqları XIX əsrin əvvəllərindən etibarən xalqımızla qaynayıb-qarışaraq çox mehriban və səmimi yaşayıblar. A.Qəhrəman almanların Azərbaycanın ictimai, mədəni həyatındakı rolunu yüksək dəyərləndirərək ölkəmizin multikultural palitrasına onların da xüsusi rəng qatdıqlarını vurğulayıb.
Filmin çəkilişində Mərkəzin əlaqələndirici rolunun vacibliyindən danışan müşavir qurumun səlahiyyətləri çərçivəsində Azərbaycanda yaşayan alman icması ilə yaxından əlaqə qurmaq istiqamətində yardımçı olmağa, filmin çəkilişi ilə bağlı müvafiq köməyi göstərməyə hazır olduğunu diqqətə çatdırıb.