SİYASƏT
Azərbaycandakı milli və dini dözümlülük tarixi köklərə söykənir
Vaşinqtonda və ABŞ-ın tarixi paytaxtı olan Filadelfiyada keçirilən tədbir və görüşlərdən sonra Nyu-York şəhərində AYK-in rəhbər heyəti ilə birgə seminar keçirilib. Seminarda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz iştirak ediblər.
AYK-in icraçı direktoru Devid Haris bu proqramın önəmini qeyd edib, Azərbaycan ilə İsrail arasındakı əlaqələrdən danışıb. Azərbaycanın ABŞ üçün çox önəmli və sadiq tərəfdaş olduğunu deyən D.Haris bu əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra çıxış edən səfir Rafael Harpaz Azərbaycandakı tolerantlıqdan söhbət açıb. O, Azərbaycanda “sıfır antisemitizm”in olduğunu bir daha diqqətə çatdırıb. Bir çox ölkələrdə, o cümlədən bəzi Avropa dövlətlərində antisemitizmin baş qaldırdığı bir vaxtda Azərbaycanda yəhudilərə olan münasibət nümunədir. Azərbaycanda yəhudilər əsrlərdən bəri sülh və əmin-amanlıq şəraitində yaşayırlar.
R.Harpaz Azərbaycan ilə İsrail arasında səhiyyə, su texnologiyaları, müdafiə və enerji sahələrindəki uğurlu əməkdaşlıqdan da danışıb, qeyri-enerji sektorunda, xüsusilə yüksək texnologiyalar sahəsində əlaqələrin daha da genişləndirilməsi üçün imkanların olduğunu qeyd edib.
Seminarda müstəqil siyasət yürüdən güclü, sabit Azərbaycanın ABŞ, Avropa və İsrail üçün əhəmiyyəti vurğulanıb.
Səfir Elin Süleymanov çıxış edərək Azərbaycan-İsrail münasibətləri, ölkəmizdə yaşayan yəhudi icması barədə danışıb. O, Azərbaycanda tarixi köklərə söykənən dözümlülüyün və qarşılıqlı anlaşmanın hazırda Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində davam etdiyini bildirib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton