CƏMİYYƏT
Azərbaycanda yerli müəlliflərin dini kitablarının sayının artırılması üçün xüsusi tədbirlər həyata keçiriləcək
Bakı, 30 yanvar, Emil Hüseynli, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda dini maarifləndirmə ilə bağlı yerli müəlliflərin kitablarının sayının artırılması üçün xüsusi tədbirlər həyata keçirəcək. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov məlumat verib.
Gündüz İsmayılov deyib: “Təəssüf ki, bu gün Azərbaycanda çap olunan və idxal edilən dini kitabların, ədəbiyyatların böyük əksəriyyəti xarici müəlliflərdir. Yerli müəlliflərin bu sahədə kitabları hələ də azlıq təşkil edir. Ancaq ötən illərin müqayisəli təhlili göstərir ki, getdikcə yerli müəlliflərin kitabları kəmiyyət və keyfiyyət etibarilə artır”. O qeyd edib ki, bu sahədə Dövlət Komitəsi də sistemli işlər görür. Təkcə 2016-cı ildə Komitə tərəfindən milli-mənəvi dəyərlərimizin təbliği, dini radikalizmin fəsadları və s. mövzularda 50-yə yaxın kitab nəşr olunub. Bunların da mütləq əksəriyyəti yerli müəlliflərdir. Bu kitabların çapının məqsədi dini maarifləndirməni gücləndirmək, zərərli dini fəaliyyətə, radikalizmə, ekstremizmə qarşı mübarizə aparmaqdır.
Komitə sədrinin müavini vurğulayıb ki, son illər ölkəyə idxal olunan dini ədəbiyyatların içərisində zərərli dini kitabların sayı azalıb. Bunun əsas səbəblərindən biri odur ki, artıq hər kəs Azərbaycanda zərərli dini ədəbiyyatı yaymağın mümkün olmadığını başa düşür. Eyni zamanda, bununla bağlı kifayət qədər qanunvericilik bazası formalaşıb. İkinci səbəb odur ki, Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə, o cümlədən Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti ilə birgə əməkdaşlıq edərək ölkəyə zərərli dini ədəbiyyatların gətirilməsinə ciddi nəzarət həyata keçirir.