REGİONLAR
Azərbaycanda yerli özünüidarəetmə orqanlarında təmsil olunan qadın bələdiyyə üzvlərinin sayı 35 faizədək artıb VİDEO
Qax, 5 iyun, Mustafa Dadaşov, AZƏRTAC
İyunun 5-də Qax şəhərində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən Qadın İştirakçılığı Proqramı çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) dəstəyi ilə “Yerli özünüidarəetmədə qadın iştirakçılığının gücləndirilməsi: fəaliyyətlər və gələcək perspektivlər” mövzusunda konfrans keçirilib.
“El Resort” otelinin konfrans zalında keçirilən tədbirdə USAID-in Azərbaycandakı nümayəndəliyinin təmsilçiləri, Bələdiyyələrin Milli Assosiasiyasının, yerli və beynəlxalq təşkilatların nümayəndələri, Şəki-Zaqatala bölgəsi rayonlarından olan bələdiyyə üzvləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, konfransı layihənin əlaqələndiricisi, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova açaraq, Qadın İştirakçılığı Proqramının Azərbaycan qadınlarının statusunun yaxşılaşdırılması, qadınların qərar qəbulu prosesinə cəlb edilməsi məqsədi daşıyan bir layihə olduğunu diqqətə çatdırıb.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev demokratik cəmiyyətin bərabərhüquqlu üzvü olan qadınların ictimai-siyasi proseslərdə fəallığının artırılmasının vacibliyinə toxunub. M.Şəkiliyev son bələdiyyə seçkilərinin nəticələrinə əsasən Qax rayonunda qadın bələdiyyə üzvlərinin sayının artdığını bildirib, konfransın işinə uğurlar arzulayıb.
AQUPDK sədrinin müavini Sədaqət Qəhrəmanova Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı fəal mövqeyi və rolundan bəhs edib. Bildirilib ki, ilk dəfə keçirilən bələdiyyə seçkilərindən sonra yerli özünüidarəetmə orqanlarında təmsil olunan qadın bələdiyyə üzvlərinin sayı cəmi 4 faiz təşkil edirdisə, son seçkilərdə bu göstərici 35 faizədək artıb. Komitənin rəsmisi qadın təşəbbüslərinin və qadınların qərar qəbulu prosesində iştirakının dəstəklənməsində ABŞ və Azərbaycan hökumətləri arasında konstruktiv dialoqun mövcud olduğunu vurğulayıb.
USAID-in Azərbaycandakı missiyasının demokratiya və idarəetmə şöbəsinin müdiri Kristofer Şaffer çıxışında cəmiyyətin və demokratiyanın gücləndirilməsində, qərar qəbulu prosesində qadınların bərabər iştirakçılığının vacibliyini xüsusi qeyd edib. Qurumun təmsilçisi Azərbaycan hökumətinin, vətəndaş cəmiyyətinin, beynəlxalq donorlar və mətbuat orqanlarının gender məsələləri üzrə sektorlararası əməkdaşlığa dair öhdəliklərini yüksək qiymətləndirərək, konfransın dialoq və əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyini vurğulayıb.
“Counterpart İnternational” təşkilatının ölkə üzrə direktoru İlqar Ağasiyev konfrans iştirakçılarına icra etdikləri Qadın İştirakçılığı Proqramının nailiyyətləri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, proqram çərçivəsində bu günə kimi yerli özünüidarəetmə və qərar qəbulu proseslərində səmərəli iştirak etmək üçün yüzlərlə qadın təlimlərə qatılıb. Sevindirici haldır ki, bu təlimlərdə iştirak edən 400-ə yaxın qadından 97 nəfəri artıq bələdiyyələrdə təmsil olunurlar.
Sonra konfrans işini panel və sessiyalarda davam etdirib.