CƏMİYYƏT


Azərbaycanda yoluxucu xəstəliklərin profilaktikası üzrə planlı iş aparılır VİDEO

Bakı, 18 yanvar, Əziz Məmmədov, AZƏRTAC 

Son illər yoluxucu xəstəliklərin profilaktikası və onlara qarşı mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən irimiqyaslı və səmərəli tədbirlər nəticəsində davamlı epidemioloji sabitlik təmin edilib. Hazırda Azərbaycanda Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi 11 yoluxucu xəstəliyə (qızılca, məxmərək, parotit, difteriya, göyöskürək, tetanus və s.) qarşı vaksinasiya aparılır, ölkədə bütün uşaqları əhatə edən planlı peyvənd həyata keçirilir. Son illər hepatit B və pnevmokoka qarşı da vaksinasiya aparılır. Ölkədə planlı peyvəndlərin 95-97 faiz yerinə yetirilməsi və immunizasiya tədbirlərinin daim təkmilləşdirilməsi nəticəsində immunoprofilaktika vasitəsilə idarə olunan infeksion xəstəliklərə yoluxma halları azalıb. Məsələn, yeni doğulmuş körpələrdə vərəm əleyhinə peyvənd (BCG) 97,8 faizi, hepatit B-yə qarşı peyvənd 98 faiz, poliomielit əleyhinə (OPV0) 97,8 faiz, 1 yaşa qədər uşaqlar arasında göyöskürək, difteriya, tetanus, b tipli hemofil infeksiya və hepatit B əleyhinə 95,6 faiz, poliomielit əleyhinə (OPV3) peyvənd 97,6 faiz, pnevmokok əleyhinə peyvənd 96,5 faiz, qızılca, parotit, məxmərək əleyhinə peyvənd 97,9 faiz təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu məlumatlar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 2016-cı ildə fəaliyyətinin yekunlarına dair keçirilən mətbuat konfransında açıqlanıb.

Mərkəzin baş direktorunun müavini Afaq Əliyeva bildirib ki, yoluxucu xəstəliklərə qarşı mübarizə sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Qeyd edilib ki, son illər ölkə rəhbərliyinin bilavasitə dəstəyi nəticəsində bu sahədə müvafiq tədbirlər həyata keçirilib. Məsələn, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” uşaqlar arasında xəstələnmənin səviyyəsinin azalmasına yönələn mühüm sənəddir. A.Əliyeva deyib: “Ölkəmizdə 1995-ci ildən bəri poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2013-cü ildən qızılca və 2016-cı ildən epidemik parotit xəstəlikləri müşahidə edilmir. Bundan əlavə, 2016-cı ilin aprel ayından respublikanın bütün şəhər və rayonlarında üçvalentli OPV vaksinin istifadəsi dayandırılıb, ikivalentli OPV vaksinin istifadəsinə başlanılıb”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Avropa ölkələrində, habelə Azərbaycan ilə həmsərhəd dövlətlərdə ölümə səbəb olan H1N1 virusunun yayılması məsələsinə toxunaraq qeyd edib ki, keçən il respublikada bu virusun yayılmasının qarşısı alınıb.

A.Əliyeva 2016-2017-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik tədbirlər, həmçinin epidemioloji monitorinqin gücləndirilməsi istiqamətində aparılan işlər barədə də məlumat verib. Qeyd edilib ki, virusoloji laboratoriyada aparılan müayinələr ölkəmizdə xəstələnmənin epidemioloji hədd daxilində olduğunu göstərir.

Həmçinin vurğulanıb ki, Azərbaycanda vərəm xəstələrinin və hepatitdən əziyyət çəkənlərin sayı azalıb. 2013-cü ildən ölkədə malyariya xəstəliyi müşahidə edilmir. Bu nailiyyət Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu tərəfindən qeyd edilib.

Sonda A.Əliyeva kadr hazırlığından və ixtisaslaşmanın səviyyəsinin yüksəlməsindən danışıb. Qeyd edilib ki, 2016-cı ilin iyun-oktyabr aylarında respublikanın şəhər və rayonlarında mütəxəssislər üçün qızılca və məxmərək xəstəlikləri üzərində epidemioloji nəzarət və anadangəlmə məxmərək sindromunun profilaktikası mövzusunda təlimlər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.