REGİONLAR
Azərbaycandakı etnik və dini tolerantlıq mühiti dünyaya nümunədir
Şəmkir, 24 may, Famil Quliyev, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatında “Multikultural milli mənəvi dəyərlər və gənclik” mövzusunda “dəyirmi masa” təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayon icra hakimiyyəti başçısı aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev və YAP rayon təşkilatının fəal gəncləri iştirak ediblər.
“Dəyirmi masa”nı YAP rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq, ölkəmizdə multikulturalizm ənənələri haqqında məlumat verib. Qeyd edib ki, Ulu Öndərin başlıca tövsiyələrindən olan multikultural ənənələrin inkişaf etdirilməsi insanların yaddaşında humanist dünyagörüşün formalaşmasında, gənc nəslin yüksək mənəvi dəyərlər əsasında tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.
Dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev bildirib ki, Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr edilmiş ümumi yığıncaqdakı nitqində multikulturalizmin Azərbaycanda dövlət siyasəti və eyni zamanda, ictimai sifariş olduğunu vurğulayıb. Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi dövlətimizin başçısının bu sahədə apardığı siyasətin bariz nümunəsidir. Multikulturalizmin bir ideoloji məsələ kimi öyrənilməsi milli təfəkkürdə multikultural dəyərlərin yer alması və inkişafına, eyni zamanda, beynəlxalq imicimizin yüksəlməsinə müsbət təsir edəcəkdir. Azərbaycan tarixi prosesin bütün mərhələlərində multikultural dəyərlərin yaşandığı bir coğrafi məkan kimi tanınıb.
Rayon gənclər və idman idarəsinin rəisi, YAP rayon Gənclər Birliyinin sədri Emin İsmayılov, Heydər Əliyev Mərkəzinin direktor müavini Fəxri Yusufov, Əhməd Cavad adına Mədəniyyət Evinin direktoru Tural Əliyev, rayon statistika idarəsinin müdiri Pərvin Gözəlov çıxış edərək, Prezident İlham Əliyevin Azərbaycanda çoxəsrlik tarixə malik multikultural dəyərlərin qorunmasını və inkişafını daim diqqət mərkəzində saxladığını bildiriblər. Çıxışlarda ölkəmizdəki etnik və dini tolerantlıq mühitinin dünyaya nümunə olduğu vurğulanıb.