İQTİSADİYYAT
Azərbaycandan məhsulların ixracı zamanı sürətli yoxlanmanın təmin edilməsi məqsədilə vacib işlər görülüb
Bakı, 28 aprel, Elvin Camalov, AZƏRTAC
Azərbaycandan məhsulların ixracı zamanı nəqliyyat vasitələrinin sürətli yoxlanması və keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən vacib işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi Dövlət Gömrük Komitəsinin sahibkarların işinin sadələşdirilməsində və ixracın asanlaşdırılmasında mühüm öhdəliklərinin olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsi Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, general-mayor Mirqasım Vahabov deyib.
O bildirib ki, sürətli yoxlanma və keçidin təmin edilməsi məqsədilə dövlət sərhədinin buraxılış məntəqələrinin buraxılış qabiliyyətini artırmaq və sərhədkeçmə rahatlığını təmin etmək üçün malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipi daha da təkmilləşdirilib. Gömrük nəzarətinin səmərəliliyini artırmaq üçün gömrük sistemində mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sistemi gücləndirilib.
M.Vahabovun sözlərinə görə, malların ixrac edilməsindən əvvəl verilən gömrük bəyannaməsi və məlumatlar əsasında aparılan risk qiymətləndirilməsi nəticələrinə uyğun olaraq, mal və nəqliyyat vasitələrinin gömrük nəzarətinin müəyyən formalarından azad olunmaqla gömrük sərhədindən keçirilməsi həyata keçirilir.