MƏDƏNİYYƏT
“Azərbaycanfilm” Kinostudiyasının ötən ildəki fəaliyyətinin yekunları müzakirə edilmişdir VİDEO
Bakı, 12 fevral (AZƏRTAC). Fevralın 12-də Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının 2013-cü il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov son on ildə dövlət tərəfindən kino istehsalına böyük dəstəyin göstərildiyini və onun maddi-texniki bazasının möhkəmləndiyini vurğulamışdır.
Prezident İlham Əliyevin 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edildiyini diqqətə çatdıran M.Hətəmov ölkəmizin kino sənayesində dinamik inkişafın müşahidə olunduğunu və ictimaiyyətin bu sahəyə getdikcə marağının artdığını xüsusilə qeyd etmişdir.
Bildirilmişdir ki, kino sənayesinin inkişafı çoxşaxəli və mürəkkəb proses olduğu üçün kompleks fəaliyyət labüddür. Ötən il ərzində C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası film istehsalı ilə yanaşı, beynəlxalq layihələr çərçivəsində bir çox xarici şirkətlərlə təcrübə mübadiləsi aparmışdır. Eyni zamanda, müstəqil araşdırmalar apararaq gələcək inkişaf üçün təkliflər hazırlamış, yerli kadrların yetişdirilməsi və onların dəstəklənməsinə dair layihə və təlimlər təşkil etmişdir.
Yaradıcı atmosferin bərpa edilməsi üçün xaricdə və ölkəmizdə yaşayan gənc rejissorların, ssenarist və operatorların “Azərbaycanfilm”də film çəkmək üçün dəvət edildiyini söyləyən M.Hətəmov il ərzində 8 qısametrajlı, iki tammetrajlı əsərin ekranlaşdırıldığını bildirmişdir.
Bu il Almaniya, Rusiya, Türkiyə kinematoqrafçıları ilə müştərək ekran əsərlərinin çəkildiyini və xarici tərəfdaşların Azərbaycan filminə marağının artığını vurğulayan kinostudiyanın direktoru kino haqqında yeni qanun layihəsinin və istehsalatın düzgün qurulması üçün yeni normativ sənədlərin hazırlandığını qeyd etmişdir.
Tədbirdə hesabat dövründə kinostudiyada istehsal edilən filmlər, həyata keçirilmiş tədbirlər və layihələrlə bağlı geniş müzakirə aparılmış, jurnalistlərin sualları cavablandırılmışdır.