MƏDƏNİYYƏT
“Azərbaycanımın inkişafı–10 il” fotomüsabiqəsinin sərgisi açılmışdır VİDEO
Bakı, 10 sentyabr (AZƏRTAC). Sentyabrın 10-da “Park Bulvar” ticarət və əyləncə mərkəzində “Azərbaycanımın inkişafı–10 il” fotomüsabiqəsinin sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, “10 il” kampaniyası çərçivəsində reallaşdırılan “Azərbaycanımın inkişafı–10 il” layihəsi “İrəli” İctimai Birliyi (İB), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Forumunun (ASAIF) ortaq təşəbbüsü əsasında həyata keçirilir.
“İrəli” İB-nin sədri Rauf Mərdiyev və ASAIF-in sədri Ramin Həkimov çıxış edərək bildirmişlər ki, fotomüsabiqənin məqsədi Azərbaycanın müxtəlif bölgələrindən olan peşəkar və həvəskar fotoqrafların son 10 ildə Azərbaycan və onun inkişafı, ölkədə gedən proseslər, sürətli dəyişikliklərlə bağlı olmaqla müxtəlif mövzuları əhatə edən işlərin toplanılması və onların cəmiyyətə təqdim edilməsidir.
Nəzərə çatdırılmışdır ki, layihənin davam etdiyi müddətdə yüzlərlə iş təqdim olunmuşdur. Onlardan ən yaxşı 150 foto sərgidə nümayiş etdirilir.
Sərgi “Park Bulvar” ticarət və əyləncə mərkəzində bir ay müddətində təqdim olunacaqdır.
Müsabiqənin sonunda “Facebook” səhifəsində və peşəkar fotoqraflar tərəfindən ən çox bəyənilən işlərin müəllifləri müəyyən olunacaq və mükafatlandırılacaqlar.
Tədbirdə, həmçinin “Mənim Prezidentim” gənclərin təşəbbüs qrupunun üzvləri fləş-mob nümayiş etdirmişlər.