REGİONLAR
Azərbaycanın 40-dan çox ali təhsil müəssisəsi “Thomson Reuters Web of Science” platformasına çıxış əldə edib
Gəncə, 21 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
“Thomson Reuters” portalının elmi tədqiqatlar və əqli mülkiyyət departamentinin təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov və Azərbaycan üzrə nümayəndə Aygün Babazadə Gəncə Dövlət Universitetinin qonağı olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə universitetin rektoru Yusif Yusibovla, daha sonra ali təhsil müəssisəsinin professor-müəllim heyəti ilə görüşüblər.
Görüşdə elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə çıxış edərək universitetin tarixi, bu günü, elmi nailiyyətləri, beynəlxalq əlaqələri və inkişaf istiqamətləri barədə məlumat verib. Qeyd edilib ki, ölkəmizdə aparılan elmi araşdırmaların dünya standartlarına uyğunlaşdırılması, həmçinin dünyada gedən elmi-tədqiqat işləri haqqında alimlərin məlumatlı olması üçün “Thomson Reuters” portalının xidmətləri əvəzsizdir. Bildirilib ki, “Thomson Reuters” portalının təqdim etdiyi xidmətlər sayəsində alimlər öz sahələrinə dair elmi jurnalların müqayisəli qiymətləndirməsini aparır və nəşr üçün daha səmərəli şəkildə jurnallar seçə bilirlər.
Valentin Boqorov və Aygün Babazadə çıxışlarında “Thomson Reuters” portalı, onun məqsədi “Web of Science” bazası haqqında ətraflı məlumat veriblər.
Bildirilib ki, portalın müxtəlif sahələri əhatə edən 17 min jurnalı var. Alimlər bir çox məsələlər, elmi arayışlar, sənədlər, konfrans icraatı üzrə materialları buradan tapa bilərlər. Portal hər sahədə olan yenilikləri və uğurları müntəzəm yeniləyir.
Diqqətə çatdırılıb ki, müqaviləyə əsasən, Təhsil Nazirliyinin sifarişi əsasında Azərbaycanın 40-dan çox ali təhsil müəssisəsi dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters Web of Science” platformasına çıxış əldə edib.
Sonda qonaqlar tərəfindən alim və gənc tədqiqatçıları maraqlandıran suallar cavablandırılıb.