İQTİSADİYYAT
Azərbaycanın ABŞ-la ABOEM üzrə əməkdaşlıq əlaqələri genişləndirilir
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycanın ABŞ-la alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) üzrə əməkdaşlıq əlaqələri genişləndirilir.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (ABOEMDA) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin nümayəndə heyəti ilə işgüzar görüş olub. Görüşün məqsədi iki ölkə arasında alternativ və bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.
Dövlət agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə ABŞ səfirinin müavini Derek Hoqan Azərbaycanda bu sahənin inkişafına və birgə layihələrin hazırlanmasına yüksək maraq göstərdiyini bildirib.
ABOEMDA-nın sədri Akim Bədəlov ölkəmizin ABOEM sahəsindəki inkişaf tarixi, agentlik tərəfindən görülən işlər - Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi, günəş və külək elektrik stansiyaları, “Azgüntex” günəş panelləri zavodu, Samux Aqroenergetik Kompleksi, “Bir ev - Bir elektrik stansiyası” layihəsi, o cümlədən perspektiv layihələr barədə qonaqları məlumatlandırıb.
Görüşün nəticəsi olaraq, iki ölkənin aidiyyəti qurumları arasında gələcək əməkdaşlığa dair razılıq əldə olunub.