İQTİSADİYYAT
Azərbaycanın “AS Group Investment” şirkəti və “TBC Bank” əməkdaşlıq haqqında Memorandum imzalayıblar
Bakı, 25 may, Ramiz Quliyev, AZƏRTAC
Azərbaycanın “AS Group Investment” törəmə şirkəti - “AS Georgia” və “TBC Bank” Tbilisidə həyata keçirilən “Dirsi” layihəsi çərçivəsində əməkdaşlıq haqqında Memorandum imzalayıblar.
“AS Group Investment”in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Memorandum Cənubi Qafqazın ən böyük çoxfunksiyalı yaşayış komplekslərindən biri – “Dirsi”nin müştərilərinə hazır mənzillərin alınmasına eksklüziv şərtlər daxilində ipoteka kreditinin verilməsini nəzərdə tutur.
Məlumatda deyilir ki, “TBC Bank” hazırda Gürcüstanın ən böyük, universal, özəl bankıdır. 1992-ci ildə əsası qoyulduğu andan etibarən bank aktivlər, kreditləşmə həcmi və depozitlər kimi önəmli bank göstəricilərində liderdir və inamla öz mövqelərini qorumaqdadır. Bankın peşəkar komandası müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsi, innovasiyalar və yeni bank məhsullarının tətbiqi ilə fərqlənir. Bundan əlavə, bank milli-mədəni dəyərlərin qorunmasının və möhkəmləndirilməsinin qayğısına qalaraq, Gürcüstanın çoxmillətli cəmiyyətinin inkişafına yardım edir.
“TBC Bank”ın 13 şöbəsi və 32 xidmət-mərkəzi, “Dirsi”nin müştərilərinə maksimal rahatlıqla ipoteka kreditlərini almaq və onlara xidmət göstərməyə yardım edəcək.
Bank rəsmiləri vurğulayırlar ki, “AS Group Investment” şirkəti ilə əməkdaşlıq sayəsində, “Dirsi”nin müştəriləri üçün ilkin daşınmaz əmlak bazarında ən aşağı faiz dərəcələri ilə çox cəlbedici ipoteka şərtləri işlənilib. Bu isə öz növbəsində Cənubi Qafqazın tikinti bazarında uzun illər boyu uğurlu fəaliyyəti ilə seçilən tərəfdaşa olan inamın göstəricisidir.
“AS Group Investment” 13 il ərzində Azərbaycan və Gürcüstanın özəl və dövlət sektorunda kompleks layihələr həyata keçirir. Ustalıqla qurulmuş idarəetmə sistemi, aparıcı dünya texnologiyalarının tətbiqi və güclü müasir texniki baza şirkətin bu müddət ərzində əldə etdiyi
uğurlarının təminatçısı olub. Hazırda “AS Group Investment” bir çox ölkələrdə etibarlı tərəfdaş imicinə malikdir. Tikinti sahəsinin kifayət qədər tanınmış brendləri “Sonae Sierra”, “PWT”, “Kolin” və digər şirkətlər ilə əməkdaşlıq məhz buna dəlalət edir.
Tbilisidə çoxfunksiyalı rayon inşa edən tikinti şirkəti, Gürcüstanın etibarlı və məşhur bankı ilə əməkdaşlığın başlanmasından məmnunluğunu qeyd edib.
“TBC Bank” kimi tərəfdaşlarla əməkdaşlıq “AS Group Investment”ə “Dirsi”də alıcıların çoxalmasına ümid yaradır. Həmçinin şirkət unikal yaşayış kompleksinin gələcək sakinləri üçün bir sıra sərfəli şərtlər də hazırlayıb. Qeyd olunub ki, bütün arzu edənlərlə müqavilə larinin fikslənmiş məzənnəsində bağlanacaq. Belə ki, “Dirsi”də mənzil alıcıları hər kvadrat metrə görə 2043 lari ödəməli olduqları halda, “AS Group İnvestment”in təklif etdiyi şərtlərə əsasən onlar cəmi 1800 lari ödəyəcəklər. Digər tərəfdən 3-otaqlı mənzil alıcıları yaxın iki ayda, “Nissan” avtomobilini hədiyyə kimi almaq imkanı əldə edəcəklər. Əslində bu şirkətin Gürcüstanın daşınmaz əmlak bazarında təqdim etdiyi üstünlüklər və imtiyazların tam siyahısı deyil.