MƏDƏNİYYƏT


Azərbaycanın Əbu-Dabidəki səfirliyinin nəzdində bazar günü məktəbi açılıb

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin nəzdində məktəbəqədər və azyaşlı azərbaycanlı uşaqlar üçün bazar günü məktəbi açılıb. Məktəb ev sahibi olan ölkədə xalqımızın milli dil, tarix, mədəniyyət və adət-ənənələrini qorumaq, eləcə də gənc nəslin vətənə məhəbbət ruhunda tərbiyələndirilməsi üçün Əbu-Dabi şəhərindəki Azərbaycan səfirliyinin təşəbbüsü ilə təşkil edilib.

Bazar günü məktəbinin açılış mərasimində Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən və ana dilinin qorumasına yönələn məqsədyönlü siyasət haqqında danışarkən, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci ildə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamını xatırladıb.

Məktəbin təşkilatçısı olan səfirin xanımı Ülviyyə Şikarova bildirib ki, Əbu-Dabidə bazar günü məktəbinin yaradılması bu ölkədə yaşayan və çalışan həmvətənlərimiz üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, onlar uşaqlarını milli mədəniyyət, dil, adət-ənənələrə cəlb etmək istəyirlər. Ü.Şikarova deyib: “Diplomatların xanımları və diasporumuzun fəalları ilə birgə proqram hazırladıq və dərslərin prioritet mövzularını müəyyən etdik. Məşğələlərin formatı tam sərbəst və qeyri-rəsmi olacaq. Tədris oyun şəklində qurulacaq ki, ölkənin qədim və müasir tarixi, mədəniyyəti, coğrafiyası haqqında biliklər əldə etmək uşaqlar üçün maraqlı olsun. Uşaqlar Azərbaycanın xəritəsini öyrənəcək, mühüm tarixlər və dövrlər haqqında məlumat alacaqlar. Ümummilli lider Heydər Əliyevin zəngin irsinin, ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi, prioritetləri Azərbaycan dili və mədəniyyətinin qorunması və təbliği, eləcə də ölkəmizin qədim tarixi və milli ənənələrinin müxtəlif aspektlərinin tədqiqi olan Heydər Əliyev Fondunun fəaliyyətinin öyrənilməsinə böyük diqqət yetiriləcək”.

Ü.Şikarova bildirib ki, ilk dərsin xalqımızın rifahı, Azərbaycanın inkişafı naminə misilsiz xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevə həsr olunması təsadüfi deyil. “Bu gün Azərbaycan öz inkişaf modeli ilə haqlı olaraq dünyada nüfuzlu demokratik dövlət və regionun şəksiz lideri sayılır. Məşğələlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkəmiz üçün mühüm olan digər məsələlərə də xüsusi yer veriləcək”, - deyə Ülviyyə Şikarova bildirib.

Qeyd edək ki, səfirliyinin nəzdində “Qarabağ inciləri” adlı rəqs dərnəyi də təşkil olunub.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.