SİYASƏT
Azərbaycanın Argentinadakı səfirindən erməni həmkarına daha bir tutarlı cavab
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin “Clarin” qəzetində dərc edilən məqaləsinə cavab olaraq Ermənistanın bu ölkədəki səfiri Vahagn Melikiyan və Argentinanın erməni icmasının liderlərindən biri, Daşnaksutyun partiyasının siyasi bürosunun üzvü Mario Nalpatianın həmin qəzetdə məktubları dərc olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, erməni nümayəndələri öz məktublarında Ermənistanın Azərbaycana qarşı təcavüzünü ört-basdır etmək üçün münaqişənin mahiyyətini təhrif edib, Azərbaycana qarşı yalan və təxribatçı fikirlər səsləndiriblər. Bunlara cavab olaraq, “Clarin” qəzetinin 21 dekabr tarixli nömrəsində Məmməd Əhmədzadənin yeni cavab məktubu dərc olunub.
Cavab məktubunda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirdiyi, Azərbaycanın işğal olunmuş ərazilərində erməni təcavüzünü ört-basdır etmək üçün qondarma rejimin yaradıldığı, düşmən hərbi qüvvələrinin ölkəmizin zəbt olunmuş ərazilərində mövcudluğu və danışıqlarda Ermənistanın iştirak etməsi münaqişə tərəfinin məhz Ermənistan olmasının ən elementar göstəricisi olduğu qeyd edilib.
“Azərbaycanın konstruktivliyi onun ATƏT-in Minsk qrupu çərçivəsində uzun illərdən bəri gedən və Ermənistanın qeyri-konstruktivliyinə görə hələ də nəticə verməyən danışıqlar prosesində iştirakıdır”, - deyə fikirlərinə davam edən M.Əhmədzadə bildirir ki, Qlobal Hərbiləşdirmə İndeksinə görə dünyada 3-cü ən çox hərbləşdirilmiş ölkə olan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmış Azərbaycanın öz müdafiə sektorunu gücləndirməsi tam qanunauyğun haldır.
Səfir yazır: “Azərbaycan Konstitusiyanın aliliyini əsas tutan hüquqi dövlətdir. Ermənistana münasibətdə demokratik prinsiplərdən danışmaq çox gülüncdür, ən azı ona görə ki, bu ölkə qonşusuna hərbi təcavüz edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını pozur. Ermənistandakı hərbi diktatura rejiminin rəhbərləri əvvəllər Dağlıq Qarabağdakı separatçılara rəhbərlik etmiş, azərbaycanlı mülki əhaliyə qarşı qətliamlar, o cümlədən Xocalı soyqırımını törətmiş, sonradan isə Ermənistanda öz dinc vətəndaşlarına qarşı qətllər və terror həyata keçirərək hakimiyyəti qəsb etmiş və Ermənistanı dünyada ən geridə qalmış ölkələrdən birinə çevirmiş şəxslərdir”.