MƏDƏNİYYƏT
Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində “Les lumières obscures” adlı incəsənət sərgisi açılıb
Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Murad Nəcəfbəyli və Avropa Şurasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi müşahidəçisi, səfir Petru Dumitriu sərgini açaraq tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, sərgi Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilir.
Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, sərgidə ruhi cəhətdən əlilliyi olan Aleksandr Alpeyrienin əsərləri nümayiş etdirilir. Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində sənətkarın rəqəmsal incəsənət işlərinin çapına Daimi Nümayəndəlik tərəfindən dəstək göstərilib.
Tədbirdə BMT-nin İnsan Hüquqları Şurasının prezidenti, Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitənin sədri, BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, beynəlxalq təşkilatların təmsilçiləri, Cenevrə kantonunun rəsmiləri, bu şəhərdə yerləşən ali təhsil ocaqlarının müəllimləri, habelə İsveçrədə yaşayan soydaşlarımız və azərbaycanlı tələbələr iştirak ediblər.
Sərgi sentyabrın 26-dək davam edəcək.