MƏDƏNİYYƏT
Azərbaycanın Avstraliyadakı səfirliyində “Açıq qapı günü” keçirilib
Kanberra, 5 oktyabr, AZƏRTAC
Azərbaycanın Avstraliyadakı səfirliyində Kanberra Paytaxt Ərazisi Hökumətinin ölkədə akkreditə olunmuş bəzi səfirliklərlə birgə təşkil etdiyi “Dünyaya pəncərə - səfirlikdə açıq gün və turlar 2015” adlı proqram çərçivəsində “Açıq qapı günü” keçirilib.
Bir ay öncədən sifariş edilmiş turlara hər biri 45-50 nəfərlik qruplarda olmaqla gün ərzində 250-dən çox ziyarətçi qatılıb. Kanberra şəhərindəki bir neçə səfirliyin əməkdaşları da ziyarətçilərin arasında olublar. Hər biri 80 dəqiqə davam edən turların ilk 30 dəqiqəsində ziyarətçilərə Azərbaycan haqqında ümumi məlumat verilib, onların sualları cavablandırılıb. İştirakçılara 20 müxtəlif adda məlumat kitabçaları və broşürlər təqdim edilib, ölkəmiz haqqında 15 dəqiqəlik videomaterial və milli geyimlərimiz nümayiş olunub.
Sonra avstraliyalı rəqqasələrdən ibarət “Land of Fire” rəqs qrupu qonaqlara milli rəqslərimizi təqdim ediblər. Proqramın sonunda ziyarətçilər milli mətbəximizdən nümunələrə, həmçinin Azərbaycan şərablarına qonaq ediliblər.
Proqramın tərkib hissəsi olaraq səfirlik tərəfindən “ABC 666” radio kanalında Azərbaycan mədəniyyəti, tarixi, mətbəxi və iqtisadiyyatına dair geniş təqdimat da keçirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra