SİYASƏT
Azərbaycanın Belarusdakı səfirliyi ümumxalq səsverməsinə tam hazırdır
Minsk, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da Azərbaycanda keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Belarusda yaşayan Azərbaycan vətəndaşlarının səsvermə hüququnun təmin edilməsi məqsədilə səfirlikdə yaradılmış seçki məntəqəsində hazırlıq işləri başa çatdırılıb.
Səfirliyin müşaviri, məntəqə seçki komissiyasının katibi Zülfüqar Tanarverdi AZƏRTAC-a bildirib ki, səfir İsfəndiyar Vahabzadə başda olmaqla səfirliyin əməkdaşları Belarus Respublikasının Qomel, Mogilyov, Vitebsk, Qrodno, Polotsk, Jlobin, Babruysk şəhərlərinə səfərlər edərək vətəndaşlarımızla görüşlər keçirib, referendumla bağlı geniş informasiya verib və onları bu səsvermədə fəal iştirak etməyə dəvət ediblər. Regionlarda aparılan təbliğat və təşviqat işi ilə yanaşı, yerli mətbuatla da sıx əməkdaşlıq edilib, Belarusun “Sovetskaya Belarus”, “Respublika” və “Komsomolskaya Pravda” dövlət qəzetlərində referendumla bağlı məlumatlar dərc edilib. Bundan əlavə, səfirliyin inzibati binasında ümumxalq səsverməsinin yüksək səviyyədə keçirilməsi və Azərbaycan vətəndaşlarının səsvermədə iştirakı üçün lazım olan bütün şərait yaradılıb.
Zeynal Ağazadə
AZƏRTAC- ın xüsusi müxbiri
Minsk