SİYASƏT
Azərbaycanın Belarusdakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Minsk, 12 dekabr, AZƏRTAC
Azərbaycanın Belarusdakı səfirliyində ümummilli lider Heydər Əliyevin anım günü keçirilib.
AZƏRTAC xəbər verir ki, Belarusda yaşayan və oxuyan azərbaycanlıların və yerli tələbələrin iştirak etdiyi tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları Ümummilli Liderin səfirliyin foyesindəki büstü önünə gül çələngi qoyulublar.
Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov tədbirdə çıxış edərək, Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və inkişafında Ulu Öndərin əvəzsiz xidmətləri barədə geniş məlumat verib. Bildirilib ki, 1993-cü ildə xalqın arzusu və təkidi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsi və parçalanmaqdan qurtarıb, yeni dövlət yaradaraq onun gələcək on illiklər üçün siyasi-iqtisadi inkişaf strategiyasını müəyyənləşdirib.
Ulu Öndərin rəhbərliyi ilə “Əsrin müqaviləsi”nin imzalandığını, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi nəhəng transmilli layihələrin təməlinin qoyulduğu xatırladılıb və həyata keçirilən qlobal layihələrin və siyasi-iqtisadi islahatların hazırda Prezident İlham Əliyev tərəfindən uğurla başa çatdırıldığı qeyd olunub. Bununla da Azərbaycanın dünyaya inteqrasiyası, qlobal dünyadakı yeri və rolu müəyyənləşdirilib. Bir sözlə ölkəmiz dünyanın tərkib hissəsinə çevrilib.
Diplomat, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın xarici siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Qarabağ probleminin həllində ciddi irəliləyişlərin olduğunu söyləyərək, artıq bütün dünyanın ermənilər tərəfindən Qarabağın işğal altında olması faktını və buna son qoyulmasının vaxtı çatdığının etiraf edildiyini qeyd edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən Azərbaycanın qədim mədəniyyət və incəsənət tarixinin onun zənginliyinin dünyaya tanıdıldığı və təbliğ olunduğu xüsusi vurğulanıb.
Tədbirdə Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov çıxış edərək diaspora hərəkatının yaradılmasında, formalaşmasında Ulu Öndərin tarixi missiyası barədə geniş məlumat verib.
Daha sonra Azərbaycan İcmaları Konqresinin üzvü Baxşı Qəmbərov və Minskdə təhsil alan tələbələr çıxış ediblər.
Sonra Ulu Öndərin xatirəsinə həsr olunmuş film nümayiş etdirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk