CƏMİYYƏT
Azərbaycanın Çində səlahiyyət müddəti başa çatmış səfirinə fəxri professor adı verilib
Pekin, 10 noyabr, AZƏRTAC
Pekin Xarici Dillər Universitetində Azərbaycanın Çində səlahiyyət müddəti başa çatmış səfiri Lətif Qəndilova fəxri professor adının verilməsi ilə bağlı təltifetmə mərasimi keçirilib.
Universitetin rektoru professor Pen Lun L.Qəndilova fəxri adın onun Azərbaycan–Çin münasibətlərinin inkişafı istiqamətində göstərdiyi səylərə görə verildiyini bildirib. O, L.Qəndilovun təhsil sahəsində əməkdaşlığın inkişafı ilə bağlı fəaliyyətinin də təqdirəlayiq olduğunu vurğulayıb.
Mərasimdə rektor universitetin fəaliyyəti haqqında məlumat verib. O, Azərbaycan səfirliyinin təklifləri nəzərə alınaraq universitetdə Azərbaycan dilinin, mədəniyyətinin və tarixinin araşdırılması və tədris olunması ilə məşğul olacaq kafedranın yaradılmasına qərar verildiyini bildirib. Bu işə rəhbərlik etmək üçün Çində təhsil almış Azərbaycan vətəndaşı, professor Aqşin Əliyevin dəvət edildiyi diqqətə çatdırılıb.
L.Qəndilov ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyini söyləyib, Azərbaycan Prezidentinin 2015-ci ilin dekabr ayında Çinə dövlət səfərinin münasibətlərin yeni məzmun kəsb etməsi, ticari-iqtisadi, humanitar əməkdaşlığın genişləndirilməsi baxımından son dərəcə vacib hadisə olduğunu bildirib. O, 2011-ci ildə ölkələrimiz arasında tələbə kvotasının 30 olduğunu, son beş ildə birgə səylər nəticəsində bu rəqəmin 50-yə çatdığını qeyd edib.
Tədbirdə səfirliyin birinci katibi R.Hüseynzadə və üçüncü katibi B.Məmmədov da iştirak ediblər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin