İQTİSADİYYAT


Azərbaycanın Çində ticarət nümayəndəsi təyin olundu

Bakı, 5 iyun, AZƏRTAC

Teymur Nadiroğlu Azərbaycanın Çin Xalq Respublikasında ticarət nümayəndəsi təyin edilib. Bu, artıq Azərbaycanın xarici ölkədə təyin olunan 2-ci ticarət nümayəndəsidir.

Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir.

Bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında" Fərmanı ilə verilmiş tapşırıqların icrası olaraq, Rusiya Federasiyasına Azərbaycanın ticarət nümayəndəsi təyin edilmişdir.

Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Çin Xalq Respublikasında ticarət nümayəndəsinin təyin olunması ölkəmizin qeyri-neft ixracının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqi və Çin investisiyalarının cəlb olunması baxımından əhəmiyyətlidir.

Azərbaycanın Çin Xalq Respublikasında ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycan, ABŞ və Çində investisiya, mühasibatlıq, biznesin inkişafı və maliyyə planlaşdırılması sahələrində işləyib. 2008-ci ildən bu təyinata qədər Çində Primum Consulting Ltd. şirkətinin baş meneceri idi.

Teymur Nadiroğlu biznes administrasiyası sahəsində bakalavr, rəhbərlik və menecment üzrə aspirantura təhsilini ABŞ-ın Northeastern və Harvard universitetlərində alıb. İngilis, rus, türk və Çin dillərini bilir.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi təqribən 1 milyard ABŞ dolları olub. Çin Azərbaycanın ticarət tərəfdaşları sırasında ticarət dövriyyəsinə görə 5-ci, ixracda 10-cu, idxalda isə 3-cü ölkədir. Ötən il Azərbaycandan Çinə ixracın həcmi 5,1 dəfə artaraq 272 milyon ABŞ dolları, idxal isə 38 faiz artaraq 704 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin ilk 4 ayında da artım dinamikası davam edib və ölkələrimiz arasında ticarət dövriyyəsi 2,3 dəfə artaraq 395,6 milyon ABŞ dolları təşkil edib.

Ölkəmiz Çin Xalq Respublikası ilə investisiya sahəsində də uğurlu əməkdaşlıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.