SİYASƏT
Azərbaycanın Çindəki səfirliyi ümumxalq səsverməsinə hazırdır
Pekin, 20 sentyabr, AZƏRTAC
Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində yaradılan məntəqə seçki komissiyası sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsinə (referendum) hazırdır.
Azərbaycan Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun olaraq, xarici ölkələrdəki diplomatik missiyaların əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri ilə yanaşı, ölkəmizin hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan vətəndaşların ümumxalq səsverməsində iştirakının və seçki hüququnun təmin olunması məqsədilə səfirlikdə məntəqə seçki komissiyası yaradılıb. Komissiya 17 saylı Yasamal üçüncü dairə seçki komissiyasının tərkibində formalaşdırılıb.
Məntəqə seçki komissiyasının sədri Rövşən Hüseynzadə bildirib ki, Çində konsulluq qeydiyyatında olan 300-ə yaxın vətəndaşımızın adı seçici siyahısına daxil edilib. Həmin vətəndaşların daimi və müvəqqəti yaşayış ünvanlarına, habelə elektron poçt ünvanlarına müvafiq bildirişlər və Konstitusiya Aktı layihəsi barədə məlumat göndərilib. Bundan başqa, azərbaycanlı tələbə-gənclərlə, bu ölkədə yaşayan digər Azərbaycan vətəndaşları ilə görüşlər keçirilərək onlarla Konstitusiya Aktı layihəsinin hər bir maddəsi barədə ətraflı izahat işləri aparılır. Məntəqə seçki komissiyası səsvermə günü müxtəlif səbəblərə görə qısamüddətli səfər zamanı Pekində olacaq vətəndaşlarımızın da ümumxalq səsverməsində iştirakının təmin olunması üçün işlər görüb.
Səsvermə prosesinin Seçki Məcəlləsinin tələblərinə uyğun, səsvermə hüququna malik vətəndaşlarımızın referendumda iştirakının və seçki hüquqlarını sərbəst şəkildə ifadə etmələrinin təmin olunması üçün hər cür şərait yaradılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin