Azərbaycanın Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiqlənməsi dilimizə olan qayğının təzahürüdür
Bakı, 21 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin 2017-ci il 13 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamı vaxtında imzalanan sənəddir. Çünki televiziya kanalları ilə yanaşı, yüksək dövlət tədbirlərində də dil təhriflərinə, dilin tələffüz qaydalarının pozulmasına, sintaktik-üslubi normalara riayət edilməməsinə yol verilir. Bu sənəd dövlətimizin dilimizə ciddi qayğısı kimi dəyərləndirilməlidir.
Bunu Bakı Slavyan Universitetinin (BSU) filologiya fakültəsinin dekanı, professor İlyas Həmidov AZƏRTAC-a müsahibəsində deyib.
Dilimizdə xarici sözlərin yersiz işlədilməsinin əleyhinə olduğunu vurğulayan alim dilin bütün imkanlarından heç də hər zaman lazımınca istifadə edilmədiyini bildirib. İ.Həmidov deyib ki, aidiyyəti qurumlar tərəfindən dilimizə təsir göstərən amillərə qarşı ciddi mübarizə aparılmalıdır. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar təhlil olunub konkret nəticə çıxarılmalı, filmlərin dublyajlarında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə yol verilmiş nöqsanlar ümumiləşdirilməlidir. Bundan sonra onları doğuran səbəblər aradan qaldırılmalıdır.
İ.Həmidov internetin son illərdə həyatımıza daxil olması ilə bağlı Azərbaycan dilinin internet sahəsində tətbiqinə də diqqət artırılmasının vacibliyini vurğulayıb.