SİYASƏT
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Berlində də qeyd edilib
Berlində, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) 18 oktyabr - Dövlət Müstəqilliyi Günü soydaşlarımızın iştirakı ilə qeyd edilib.
AAKM-in icraçı direktoru Samirə Patzer-İsmayılova tədbirdə çıxış edərək 23 il əvvəl bərpa edilən müstəqilliyin qorunmasından, möhkəmləndirilməsindən, ötən müddətdə ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlardan danışıb. Bu uğurların qazanılmasında ölkə rəhbərliyinin uzaqgörən siyasətini xüsusi vurğulayan S.Patzer-İsmayılova Azərbaycan diasporunun rolunu da qeyd edib.
Digər çıxış edənlər müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklər, bu çətinliklərin aradan qaldırılması, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən danışıblar.
Sonda rejissor Elçin Musaoğlunun Azərbaycanın müstəqillik yolundan bəhs edən “40-cı qapı” filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra iştirakçılar 23 il əvvəl Azərbaycandakı siyasi və iqtisadi vəziyyət, bu illər ərzində ölkəmizin qarşılaşdığı problemlər, Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparıblar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin