SİYASƏT
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Rumıniyada qeyd olunub
Oktyabrın 17-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Rumıniya nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmizin Dövlət Müstəqilliyi Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə nümayəndəliyin və Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, Rumıniya – Azərbaycan parlamentlərarası işçi qrupunun, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri, bu ölkədəki Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
ARDNŞ-in Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimov müstəqillik gününün tarixi barədə iştirakçılara məlumat verib, Azərbaycanın müasir inkişafından və perspektivlərindən danışıb.
Rumıniya – Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Yulian Yanku Azərbaycan xalqına bayram təbriklərini çatdırıb, ölkələrimizin müstəqillik uğrunda keçdiyi yolun oxşar cəhətlərini qeyd edib. Rumıniyanın Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olduğunu xatırladıb. Azərbaycanın Rumıniyadakı səfirliyinin müşaviri İrfan Davudov müstəqilliyimizin bərpası gününün tarixi və xalqımız üçün əhəmiyyətindən danışıb.
Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev ölkəmizin bütün sahələrdəki güclü inkişafından söz açıb. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların uğurlu nəticələrindən danışıb.
İ.Hacıyev tədbirin yüksək səviyyədə təşkilinə görə Rumıniyadakı Azərbaycan diasporu adından ARDNŞ-ə təşəkkür edib.
Tədbirin sonunda Dövlət Müstəqilliyi Günü ilə bağlı sənədli film nümayiş etdirilib.