SİYASƏT


Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Litvada silsilə tədbirlər təşkil edilib

A+ A

Vilnüs, 20 oktyabr, AZƏRTAC 

Litvada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

Jurnalistlər evində keçirilən “Dinamik Azərbaycan” adlı fotosərgidə bu yaxınlarda ölkəmizdə səfərdə olan litvalı fotoqraf, “alkas.lt” internet portalının müxbiri Arunas Sartanaviçüsün respublikamızla bağlı çəkdiyi fotolar nümayiş edilib. Şəkillərdə Bakı və Sumqayıt şəhərlərinin, Quba rayonunun dinamik inkişafı, habelə bu ilin aprel ayında erməni silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulmuş Tərtərin Qapanlı və Həsənqaya kəndlərindəki vəziyyət əks olunub.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə 25 il əvvəl oktyabrın 18-də ölkəmizin dövlət müstəqilliyinin bərpa edildiyini bildirib, bu illər ərzində respublikamızın siyasi, iqtisadi və digər sahələrdə nailiyyətlərindən danışıb. O, 70 ildən sonra bərpa edilən müstəqilliyin ilk illərinin heç də asan olmadığını, respublikamızın Ermənistanın hərbi təcavüzünə məruz qaldığını, torpaqlarımızın 20 faizinin işğal olunduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Litva Jurnalistlər Birliyinin sədri D.Radzyaviçüs, “alkas.lt” internet portalının redaktoru A.Antanaytis, “Vilnüs Esperanto” Cəmiyyətinin sədri A.Piliponis şəkillər vasitəsilə Azərbaycanla tanış olmaq imkanı yaratdığına görə fotoqraf A.Sartanaviçüsə minnətdarlıqlarını bildirib, Litvada Azərbaycanın dostlarının sayının gündən-günə artığını vurğulayıblar.

Klaypeda şəhərində fəaliyyət göstərən “Azeris” cəmiyyəti də müstəqilliyimizin bərpasının 25-ci ildönümü ilə bağlı qəbul təşkil edib. Qəbulda Litva Seyminin üzvü İ.Rozova, Klaypeda şəhər Şurasının nümayəndələri S.Qendvilas və L.Petraytiene, Rusiyanın bu şəhərdəki baş konsulu A.Qraçyov, milli azlıqlar icmalarının rəhbərləri, ictimai xadimlər, KİV nümayəndələri və burada yaşayan soydaşlarımız iştirak ediblər.

Çıxış edən “Azeris” cəmiyyətinin sədri Əliağa Məmmədov əlamətdar gün münasibətilə soydaşlarımızı təbrik edib, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi tarixi inkişaf yolu, ölkədə mövcud olan multikulturalizm və tolerantlıq ənənələri barədə danışıb.

Daha sonra şəhər meri adından çıxış edən şura nümayəndəsi S.Qendvilas, Seymin üzvü İ.Rozova, Rusiyanın baş konsulu A.Qraçyov və digər qonaqlar Azərbaycanın dinamik inkişafını və nailiyyətlərini yüksək qiymətləndirərək, ölkəmizə və xalqımıza sülh, firavanlıq və əmin-amanlıq arzulayıblar.

Azərbaycan haqqında sənədli film nümayiş olunduqdan sonra, “bazar günü” məktəbinin şagirdləri mədəni proqramla çıxış ediblər.

Litvanın görkəmli ictimai xadimi Vintsas Kreve-Mitskəviçüsün ev muzeyində təşkil olunan digər tədbirdə isə litvalı fotoqraf Vitautas Daraşkeviçüsün ötən əsrin 1971-1973-cü illərində Gəncədə SSRİ Ordusu sıralarında xidməti dövründə Gəncə və ətraf rayonlarda, eyni zamanda, 2015-2016-cı illərdə həmin yerlərə səfəri zamanı insanlarımız və adət-ənənələrimizlə bağlı çəkdiyi şəkillər nümayiş edilib. İnteraktiv formada təşkil olunan sərgidə son illər ölkəmizdə aparılan quruculuq işləri barədə ətraflı məlumat verilib.

Çıxış edən səfir Həsən Məmmədzadə Vintsas Kreve-Mitskəviçüsün 1909-1920-ci illərdə Bakıda yaşadığını və 1919-1920-ci illərdə Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətində konsulu vəzifəsində çalışdığını qeyd edib, görkəmli ictimai xadimin 1918-1920-ci illərdə Litva-Azərbaycan dövlətlərarası münasibətlərinin təməlinin qoyulmasında və bu ölkələrin beynəlxalq aləmdə de-fakto tanınmasında bir sıra faydalı işlər gördüyünü vurğulayıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.