CƏMİYYƏT
Azərbaycanın Estoniyadakı səfirliyi Tallində keçirilən xeyriyyə bazarında iştirak edib
Tallin, 21 noyabr, AZƏRTAC
Estoniyanın paytaxtı Tallin şəhərində Beynəlxalq Qadınlar Klubunun təşkilatçılığı ilə Milad Xeyriyyə Bazarı keçirilib.
Milad bazarında Estoniyada akkreditə olunmuş xarici ölkələrin səfirlikləri də iştirak edir. Bazarda səfirliklərin əməkdaşları və onların ailə üzvləri milli hədiyyələr, incəsənət əsərləri, oyuncaqlar, müxtəlif yeməklər təklif edirlər.
Builki tədbirdə Azərbaycanın Estoniyadakı səfirliyi də daxil olmaqla 26 ölkənin diplomatik nümayəndəliyi iştirak edib.
Milad Xeyriyyə Bazarı Estoniya ictimaiyyətini Azərbaycan mətbəxi və məhsulları ilə tanış etmək üçün də əlverişli imkan olub. Bu baxımdan səfirlik bazarda milli mətbəximizin təamlarını, çay, nar şirəsi, mürəbbələr, habelə müxtəlif milli suvenirlər, əl işləri, dekorativ-tətbiqi sənət nümunələri təqdim edib.
Azərbaycan məhsulları Milad Bazarına baş çəkən çoxsaylı mətbuat və biznes dairələrinin nümayəndələrinin, Estoniyanın parlament və hökumət üzvlərinin böyük marağına səbəb olub.
Tədbirə, habelə Azərbaycan diasporunun nümayəndələri, Estoniyada təhsil alan azərbaycanlı tələbələr də qatılıblar.
Tallin Beynəlxalq Qadınlar Klubu Milad Xeyriyyə Bazarından əldə edilən vəsaitin hamısını ehtiyacı olan uşaqlar üçün yaradılmış xeyriyyə fonduna köçürüb.
Qeyd edək ki, 1993-cü ildə dörd əcnəbi qadın tərəfindən təsis edilmiş Tallin Beynəlxalq Qadınlar Klubunun əsas məqsədi Estoniyada ehtiyacı olan qadınlara və uşaqlara kömək göstərməkdir. Hazırda klubun sıralarına 22 ölkədən 75 qadın daxildir. Klubun hər il keçirdiyi bu xeyriyyə tədbiri yerli əhali arasında çox populyardır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin